Moskva sakinləri kommunal ödəniş və cərimələri televizor vasitəsilə ödəyəcəklər
Moskva İnformasiya Texnologiyaları Departamenti kommunal ödəniş, rüsum və cərimələrin televizor vasitəsilə ödənilməsi üçün layihə üzərində işləyir. Bu xidmətlərin ödənilməsinə imkan verən ilk qurğular “Samsung” və “LG” markalı televizorlar olacaq.
“ICTnews” elektron xəbər xidmətinin “
http://www.cnews.ru/” saytına istinadən verdiyi məlumata görə, yeni xidmətin reallaşması üçün departament “Smart TV” istehsalçıları ilə danışıqlar aparır.
Departament nümayəndəsi Konstantin Qoroxovun sözlərinə görə, hələlik bu danışıqlar “Samsung” və “LG” markalı televizorların koreyalı istehsalçıları ilə aparılıb. Amma bu müzakirələrin digər şirkətlərlə də aparılması istisna deyil. Layihənin ilkin mərhələdə pilot şəklində tətbiq ediləcəyini deyən Qoroxov onun tədricən genişləndiriləcəyini vurğulayıb.
“Samsung”un Rusiya təmsilçiliyindən isə bildirilib ki, söhbət tətbiq ediləcək proqramın televizorda quraşdırılmasından deyil, onun xüsusi “Smart Hub” deposunda yerləşdirilməsindən gedir. İstifadəçilər də yeni xidmətdən məhz buradan yararlana biləcəklər.
Şirkət nümayəndələri bu proqramın meydana çıxma müddətinin onu hazırlayanlardan asılı olduğunu da deyiblər: “İyul ayında artıq proqramın yekunlaşmasını gözləyirik. İctimai təqdimatı isə proqramın tətbiq imkanlarının bizim şirkətdə təsdiqindən sonra mümkün olacaq”. Moskva İnformasiya Texnologiyaları Departamentində proqramın ərsəyə gəlmə müddətinin təxminən yayın sonuna qədər davam edəcəyini bildiriblər.
HƏQİQƏT