Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NETAŞ” şirkəti Azərbaycanın telekommunikasiya bazarında möhkəmlənmək niyyətindədir


Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovla Türkiyənin "NETAŞ" şirkətinin baş direktoru Müjdat Altay arasında görüş keçirilib. Görüşdə İ.Məmmədov bildirib ki, Azərbaycana ilk gələn şirkətlərdən biri "NETAŞ" olub. Dünyanın getdikcə dəyişdiyini, bir sıra böyük şirkətlərin rəqabətə dözməyərək sıradan çıxdığını vurğulayan nazir müavini "NETAŞ" şirkətinin isə ötən illər ərzində daha da böyüdüyünü və bir sıra nəhəng şirkətləri öz inkişafına görə üstələdiyindən şad olduğunu deyib.

Adıçəkilən şirkətin Azərbaycana yenidən qayıtmasından məmnunluq hissi duyduğunu vurğulayan İ.Məmmədov ölkəmizdə Avropa, Amerika və eləcə də digər ölkələrin böyük şirkətlərinin fəaliyyət göstərdiyini bildirib.

Bu səbəbdən də Azərbaycanda rəqabətin böyük olduğunu önə çəkən İ.Məmmədovun sözlərinə görə, telekommunikasiya bazarımızda hansısa bir şirkətin daxil olması üçün yeni fəaliyyət ortaya qoymasına ehtiyac var.

Öz növbəsində Müjdat Altay bildirib ki, Azərbaycan "4G" xidmətinin tətbiqi ilə dünyada bu istiqamətdə gedən prosesləri qabaqlamağa  hazırlaşır. "NETAŞ" şirkətinin fəaliyyətinin  getdikcə genişləndiyini və hazırda dünyanın ən böyük  şirkətləri sırasında qərarlaşdığını vurğulayan M.Altay İKT sahəsi üzrə bölgənin bir sıra ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.

Azərbaycanda  çalışmaqdan məmnun olduqlarını vurğulayan M.Altay ölkəmizin İKT sektorunda da potensialının böyük olduğunu deyib.
Tədbirin sonunda "NETAŞ" şirkəti ilə bağlı təqdimat keçirilib.

SEYMUR





04/07/12    Çap et