Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ucqar kəndlərdə genişzolaqlı internet


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanmış tədbirlər proqramına uyğun olaraq  regionlarda informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bununla yanaşı, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar respublika ərazisində universal telekommunikasiya xidmətlərinin təşkili mərhələləri müəyyən edilərək müvafiq layihənin həyata keçirilməsinə də start verilib.

Bu layihələrin başa çatdırılması ilə regionlarda mövcud rabitə şəbəkəsinin tam elektronlaşdırılması təmin olunmaqla yanaşı, yeni nəsil rabitə xidmətlərinin göstərilməsi də reallaşır.

XİDMƏTLƏR
 
“Aztelekom”İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun “Rabitə dünyası” qəzetinə verdiyi məlumata əsasən, regionlarda telekommunikasiya şəbəkələrinin rekonstruksiyası ilə əlaqədar tətbiq olunan yeni texnika və texnologiyalar təqdim olunan rabitə xidmətlərinin çeşidini əhəmiyyətli dərəcədə artırıb. Birlik tərəfindən  təqdim edilən müxtəlif xidmətlər abunəçilərin marağına səbəb olub.

Eyni zamanda “Aztelekom. net” internet xidmətləri şəbəkəsi regionlarda internetin inkişafına təkan verib, istifadəçilərin qlobal şəbəkəyə qoşulması təmin olunub. Kəndlərin mərkəzlə birləşdirici xətlərinin optik kabellərlə əvəzlənməsi abunəçilərin telefon rabitəsi ilə yanaşı, digər multimedia xidmətlərindən istifadə imkanlarını artırıb.

Regionlarda NGN şəbəkəsinin qurulması istiqamətində həyata keçirilən işlər Şamaxının ardınca Gəncə, Sumqayıt, Abşeron, Kürdəmir, Salyan və Göyçayda layihənin davam etdirilməsi ilə bu tendensiya davam etdirildi. Xatırladaq ki, bu şəbəkə vasitəsilə ənənəvi rabitə xidmətləri ilə yanaşı, İP TV, İP telefon, “Triply play” və s. multimedia xidmətlərinin və informasiya texnologiyalarının ən son yeniliklərini dəstəkləyən digər xidmətlərin göstərilməsi təmin olunub.

Bu siyahıya kartlarla, parolsuz qoşulma ilə yanaşı, sürətli internet - ayrılmış xətlərin təşkili və genişzolaqlı şəbəkə xidmətləri də daxildir ki, bu xidmətlər həm adi istifadəçilərin, həm də korporativ müştərilərin tələblərini tam ödəyir.

«Aztelekom» İstehsalat Birliyi Azərbaycanda sabit rabitə şəbəkəsinin ən böyük milli operatoru olmaqla yanaşı, Naxçıvan Muxtar Respublikası və Bakı şəhəri istisna olmaqla, ölkənin bütün lokal telefon şəbəkəsi, beynəlxalq stansiya, sinxron-rəqəm iyerarxiyalı lifli-optik magistral şəbəkə, məlumatların ötürülməsi şəbəkəsi, CDMA şəbəkəsi ilə yanaşı, internet-provayder şəbəkəsinə malikdir.

ÖZƏL ŞİRKƏTLƏRLƏ İŞBİRLİYİ

Şəbəkədə rəqəmsal uçurumun aradan qaldırılması istiqamətində aparılan islahatların tərkib hissəsi olaraq, 2004-cü ilin sentyabr ayında təsis edilən "Aztelekom.net" internet provayderi kommersiya marağı güdülmədən, Azərbaycanın regionlarında sürətli informasiya mübadiləsinin genişləndirilməsi məqsədi ilə yaradılıb. "Aztelekom.net" internet provayderi Azərbaycanda bu sahədə fəaliyyət göstərən provayderlər arasında liderdir.

Regionlarda ADSL, SHDSL və digər müasir texnologiyalardan istifadə etməklə ayrılmış və kommutasiya olunan kanal vasitəsilə yüksəkkeyfiyyətli və sürətli internetə qoşulma təmin edilməsi üçün davamlı tədbirlər görülür. Ölkənin istənilən yerindən internetə qoşulma imkanı yaradılıb, bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet xidmətləri təşkil edilib. Genişzolaqlı internetə olan tələbatın bütün ucqar yaşayış məntəqələrində təmin edilməsi istiqamətində işlər aparılır.

Öz növbəsində özəl internet provayderləri ucqarlarda işləməyə o qədər də həvəs göstərmirlər, "Aztelekom.net"in isə bütün regionlarda bu problemi qısa müddətdə həll edə bilməsi real deyildir.Bu məsələnin həllində dönüş yaratmaq üçün araşdırmalar aparılaraq müxtəlif təkliflər hazırlanıb.

Bu tədbirlərin davamı olaraq "Aztelekom" İB-də "Alfanet", "Avirtel", "AzStarNet", "Azeronline", "AzEduNet", "AzDataKom", "Data Plus", "VİP-NET", "Kür", "Jaspel", "Qlobal", "Q-Telekom", "Smart", "TransEvroKom", "Orbit", "EvroSell", "Uninet", "Qlobalnet" kimi İnternet provayderlərinin, İnternet Forumu və İnternet Cəmiyyəti İctimai təşkilatlarının rəhbərlərinin də iştirakı ilə regionlarda xidmət göstərmək potensialı olan provayderlərlə görüş keçirilib.

Baş direktor Məhəmməd Məmmədov bu görüşü xatırladaraq hələ bir neçə il əvvəl özəl internet provayderlərin ucqarlarda işləməyə dəvət edildiyini söylədi. O, bütün provayderlərə hər cür şərait yaradılacağı vədinin verildiyini dedi.  Görüş zamanı qeyd edilib ki, genişzolaqlı internetə olan tələbatın bütün ucqar yaşayış məntəqələrində də ödənilməsinin sürətləndirilməsi üçün bütün birliyin mövcud infrastruktur elementlərindən təmənnasız yararlana biləcəklər.
 
Baş direktor M.Məmmədov bildirib ki, regionlarda internetin inkişaf konsepsiyasının daha mükəmməl və operativ şəkildə yerinə yetirilməsi məqsədilə “Aztelekom”İB bir daha şirkətlərə müraciət edərək onlarla müəyyən işbirliyi yaradıb. Respublikada fəaliyyət göstərən 40-a yaxın provayderlə fərdi şəkildə iş aparılaraq birgə əməkdaşlığa dəvət olunub. 1400 km fiber-optik kabellərin İSP şirkətləri tərəfindən qoyulması nəzərdə tutulub.

Qeyd olunan şirkətlərdən 7-si (Smart, Q-Telekom, Premier Qroup, Caspel, Azeronline, Alfanet və Data Plyus) ilə müqavilə bağlanıb.  Məhəmməd Məmmədov birliyin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında bütün qüvvələri səfərbər etməklə genişzolaqlı internet abunəçilərinin sayını 200 minə çatdırmağı hədəflədiklərini dedi. 

Baş direktor Məhəmməd Məmmədov daha sonra bildirdi: ”Bir çox provayderlər rayonlarda biznes qurmaqdan ehtiyat edirlər. Onların narahatçılığı qoyulmuş investisiyanın qaytarılması məsələsi ilə bağlıdır. Genişzolaqlı xidmətlərə bütün Azərbaycan ərazisində tələbat var.

Provayderlər bu və ya digər rayonlarda, o cümlədən uzaq ərazilərdə müəyyən sayda potensial istifadəçiləri cəlb etsələr, bu, onların daimi gəlir mənbəyi olacaq. Bundan başqa müqaviləyə uyğun olaraq rayonlarda genişzolaqlı optik kabellər çəkən özəl şirkətlərə münasib şərait yaradılacaq ki, bu da onlara sonrakı fəaliyyətində əlverişli imkanlar vəd edir”. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün bölgələrdə stasionar telefon abunəçilərinin 11 faizindən çoxu genişzolaqlı internet istifadəçisidir.

Bu, o qədər böyük rəqəm kimi görünməsə də, neçə kilometr bir məsafədə kəndə optik kabelin çəkilməsi, müvafiq avadanlıqların qurulması, abunəçinin qazanılması kimi böyük əziyyətlərin qarşısında çox böyük rəqəm təsiri bağışlayır. Digər tərəfdən, böyük bir layihənin həyata keçirilməsi işləri başa çatdıqdan sonra bu rəqəm, sözün əsl mənasında, kiçik rəqəm olacaq. Hazırda regionlar üzrə 300-dən çox kənddə genişzolaqlı internet var.

Bağlanan müqavilələr üzrə 7 şirkət artıq fəaliyyətə başlayıb. 16 TKQ (Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Salyan, Biləsuvar, Neftçala, Astara, Yardımlı, Ağdaş, Siyəzən, Xızı, Şabran, Zərdab və Qobustan) üzrə 582.3 km FO kabelin tikintisi  nəzərdə tutulub. Bu isə 104 kənd EATS-nin birləşdiriçi xəttinin  kabelini əhatə edir.

Şirkətlər üzrə 532.9 km müxtəlif tutumlu FO kabelləri artıq verilmişdir:

- “Smart” şirkəti – 101.1 km
- “Q-Telekom” – 51.5 km
- “Premier Qroup” – 57.5 km
- “Data Plyus” – 95.2km
-“Caspel” –51.5 km
- Azeronline –131.0 km
- “Alfanet”- 39.2 km

O cümlədən (Yevlax-47.2, Kürdəmir-10.3, Hacıqabul-8.3, Şəki-32.2, Masallı-28.8, Ağsu-10.3, Salyan-16.5, Biləsuvar-16.4, Neftçala-8.2, Astara-24.7, Yardımlı-8.2, Ağdaş-45.0, Siyəzən-20.0, Xızı-19.5, Şabran-32.0, Zərdab-60.0 və Qobustan-32.2) 420.0 km müxtəlif kabellərin qoyulması başa catmışdır.

”Aztelekom”İB uzunluğu 3,5 min kilometrdən çox olan optik-lif xəttinin çəkilməsini hədəfləyib. Dövlət operatoru bu magistralın müəyyən hissəsinin tikintisini öz üzərinə götürüb, tikintinin qalan hissəsi isə provayderlərin üzərinə düşür. Qeyd edək ki, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə, eləcə də Abşeron yarımadasında internet xidmətləri göstərmək üçün "Aztelekom"un təqdim etdiyi üstünlük provayderlərə qısa müddətdə qoyulmuş vəsaitləri qaytarmağa imkan verir.

Bölgələrdə internetin inkişafı konsepsiyasına uyğun olaraq həyata keçirilən böyük layihələrin nəticəsi onu deməyə əsas verir ki, yaxın vaxtlarda bütün abunəçilərin qlobal şəbəkəyə çıxış imkanlığı təmin olunacaq. Bu da Azərbaycanın nəinki MDB məkanında, hətta dünyada lider ölkəyə çevrilməsinə şərait yaradacaq.

RƏVAN




07/07/12    Çap et