Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Oxucular yaxın zamanlarda Azərbaycan Milli Kitabxanasında onlayn qeydiyyatdan keçə biləcəklər


Yaxın zamanlarda Azərbaycan Milli Kitabxanasına üzv olmaq istəyənlər oxucu kimi onlayn qeydiyyatdan keçə biləcəklər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov məlumat verib.

Onun sözlərinə görə, hələlik onlayn qeydiyyata düşmək mümkün olmasa da, bununla bağlı işlər davam edir: “Hazırda kitabxananın girəcəyində turniket quraşdırmışıq. Orada avtomatik onlayn qeydiyyat da aparacağıq. Oxucu kitabxanaya gəlmədən, e-mail ilə öz şəklini göndərəcək, ona oxucu bileti nömrəsi veriləcək və nə vaxt istəsə, biletini gəlib buradan götürə biləcək”.

Bununla yanaşı, kitabxanada virtual və onlayn sifarişlər də həyata keçirilir: “Onlayn sifariş indi demək olar ki, yarımavtomatikdir. Sistemdə familiya üzrə axtarış aparılır, müraciət edən oxucudursa, sifarişi qəbul edilir. Əks halda, sifariş qəbul edilmir. Çünki kitabxanada kitabların axtarılması və s. kimi işlər hamısı insan əməyidir. Oxucu deyilsə, sifariş verirsə, kitabxanaya gəldikdə içəri buraxılmayacaq.

İlin sonuna qədər tamamlanacaq yeni sistemə görə isə artıq onlayn qeydiyyatdan keçmək də mümkün olacaq. Oxucu bileti üçün şəklə də artıq ehtiyac yoxdur. Gələndə burada birbaşa şəkli çəkilib oxucu bileti veriləcək və oxucu kimi kitabxanadan istifadə edə biləcəklər”.

Virtual sifarişə gəlincə, K.Tahirov Azərbaycan Milli Kitabxanasında Elektron informasiya xidməti və KAA (kitabxanalararası abonement) şöbəsinin fəaliyyət göstərdiyini vurğulayıb: “Bu şöbəyə oxucular müraciət edir, hansı kitabı istəyirlərsə, nəinki birbaşa, virtual şəkildə də müraciət edirlər. Biz də dərhal başqa kitabxanalara müraciət edib həmin kitabı gətiririk. Həmin kitabxanalarla qarşılıqlı olaraq, virtual kitab mübadiləsi aparırıq. Biz onlara kitab veririk, onlar da bizə”.

Virtual sifariş kitabxanalar arasında olan belə əməkdaşlığın əsasını təşkil edir: “Virtual sifariş əsasında oxucu kitabxanaya gəlmədən bizim Elektron Kataloqa girir və ya bu kataloqda axtardığı ədəbiyyatı tapmırsa, onu sifariş edir. Bu xidmət ödənişsizdir. Dərhal ona cavab gedir ki, həmin kitab var, gəlib oxuya bilərsiniz.

Bu xidmət oxucuların vaxtına qənaət üçün nəzərdə tutulub ki, əgər kitab kitabxanada yoxdursa, oxucu gəlib vaxtını itirməsin. Oxucu 2-3 saat əvvəl sifariş edir ki, filan saatda gələcəyəm. O, artıq həmin saatda gələndə kitab onu gözləyir. Halbuki bu xidmətdən istifadə etmədən oxucu gəlməli, kitabı sifariş etməli, kitab varsa, sifarişinə müsbət cavab verilməlidir.

Bu da vaxt itkisidir. Bu saat insanlar üçün hər şeydən qiymətli zamandır. Saytımızda xüsusi pəncərə var. Bizim istənilən oxucumuz buraya daxil olub kitab sifariş edə bilər. Oxucumuz deyilsə, dərhal cavablandırılır ki, oxucumuz olmadığınız üçün sifarişiniz qəbul olunmur”.

Onlayn sifariş isə kitabxana fondunda olmayan kitabların sifarişidir: “Onu burada olan oxucular digər kitabxanalardan sifariş edə bilərlər. Çünki oxucu özü buraya gəlmədən biz o kitabı digər kitabxanalardan gətirdə bilmərik. Bəlkə kitab yalandan sifariş edilir”. Ümumiyyətlə, oxucular tərəfindən edilən virtual sifarişin müddəti 3 gündür: “Sifariş 3 gün saxlanılır. 3 gündən sonra isə qaytarılır. Çünki o kitabı başqaları oxuya bilər. Əksər kitablar burada bir nüsxədir.

O da əgər 3 gün saxlanılırsa, digər oxucular ondan məhrum olur. Oxucu iki dəfə sifariş edib gəlməzsə, üçüncü dəfə onun virtual sifarişi artıq qəbul olunmur”.
Artıq kitabxanalararası mübadilə prosesləri də demək olar ki, tam avtomatlaşdırılıb: “Digər kitabxanalardan sifarişlər yalnız elektron qaydada aparılır.

Nə biz, nə də digər kitabxanalar kitabın özünü göndərmir. Bizim də kitabxanaya digər kitabxanalardan çoxlu sifarişlər daxil olur. Qısa zamanda sifariş edilən ədəbiyyatın elektron versiyasını yaradıb, göndəririk. Biz nəinki xaricə, Azərbaycanın rayonlarına da elektron versiyaların sifarişini göndəririk.

Ancaq bu sifarişlər həmin rayonun Mərkəzi kitabxanası vasitəsilə bizə daxil olur. Məsələn, Göyçaydan sifariş edirsinizsə, sizə cavabında deyiləcək ki, mərkəzi kitabxanaya müraciət etməyiniz xahiş olunur. Çünki bu, kitabxanalar arasında bir əlaqə formasıdır”.

K.Tahirov fonda daxil olan ədəbiyyatların elektron versiyasının Azərbaycan Milli Kitabxanasının bazasına yerləşdirildiyini də deyir: “Elektron kitablar gəlirsə, artıq bizim bazada saxlanılır, dərhal fonda daxil olur. Azərbaycan Milli Kitabxanası bu gün dünyanın 27 ölkəsinin milli kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə-memorandum imzalayıb. Bu qarşılıqlı ikitərəfli memorandum olan ölkələrin sayıdır. Amma ümumiyyətlə, Azərbaycan Milli Kitabxanası 62-dən artıq dünya milli kitabxanası ilə kitab mübadiləsi edir. Qarşılıqlı əlaqələrimiz var”.
 
Həqiqət İSABALAYEVA





07/07/12    Çap et