Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron kitabxanalar kitabxanaçılıq fakültələrinə verilən tələblərin dəyişməsini zəruriləşdirir


Elektron kitabxanaların yaradılması və kitabxanaçılıqda proseslərin avtomatlaşdırılması artıq kitabxanaçılara, eləcə də kitabxanaçılıq fakültələrinə verilən tələblərin dəyişməsini zəruriləşdirir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov məlumat verib.

Onun sözlərinə görə, texnologiyaların bu sahəyə tətbiqi kitabxanaçılara artıq tələbatın qalmayacağı anlamına gəlməməlidir: "Deməzdim ki, kitabxanaçılara ehtiyac qalmayacaq. Sadəcə, proseslər avtomatlaşdırılır.

Amma nə qədər  avtomatlaşdırılsa da, onları idarə edənlər adamlardır. Bu proseslərlə birgə kitabxanaçılara, eləcə də kitabxanaçılıq fakültələrinə verilən tələblər də yeniləşir. Bu gün BDU-da "Kitabxanaçılıq və informasiya" fakültəsində artıq mütəxəssis hazırlığında hər şey yenilənib və yeni yanaşma tətbiq edilir.

Orada bu ildən yeni tədris proqramları tətbiq olunub".  Kərim Tahirov qeyd edib ki, kitabxanaçılıq fakültələrinin tədris proqramlarına iş prosesinin avtomatlaşdırılması, elektronlaşdırma, elektron kataloq, kompyuterləşmə və s. kimi məsələlər daxil edilib: "4 ildir ki, BDU-da buraxılış imtahanları üzrə İmtahan Komissiyasının sədriyəm. Görürəm ki, bu müddətdə gənclər xeyli dəyişiblər.

Uşaqlar ədəbiyyatlar arasında ən çox saytları, elektron resursları yazırlar. Məlumatları internetdən tapırlar. Bəlkə də indiki tələbələr getdikcə kitab oxumağa tənbəllik edirlər. İnternetə daha çox meyil edirlər, nəinki kitablara. Kitabın elektron versiyasına daha çox maraq göstərirlər.

Hesab edirəm ki, həm kitabxanalar, həm ali təhsil müəssisələri, həm kitabxanaçılıq fakültələri öz işlərini gənclərin bu tələblərinə müvafiq olaraq dəyişməli, buna uyğun qurmalıdırlar. Artıq zaman dəyişir və tələblər də buna uyğun təkmilləşdirilməlidir. Bu istiqamətdə işimizi davam etdirməli və onu inkişaf etdirməliyik".
 
HƏQİQƏT






09/07/12    Çap et