Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakı-2012 Yay Texnoloji Enerji Məktəbi” açılıb
"Bakı-2012 Yay Texnoloji Enerji Məktəbi" açılıb Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və "ExxonMobil" şirkətinin maliyyə dəstəyi ilə "Bakı-2012 Yay Texnoloji Enerji Məktəbi"ni açıb.
ADA-dan bildiriblər ki, bu, akademiyanın hər il həyata keçirdiyi sertifikat proqramıdır və ARDNŞ ilə əməkdaşlıq əsasında reallaşdırılır. Dünyanın 17 ölkəsindən 42 nümayəndə Bakı Yay Enerji Məktəbində iştirak etmək üçün Azərbaycana gəlib. İştirakçılar Azərbaycan, Belçika, Bolqarıstan, Almaniya, Hindistan, İraq, İsrail, İtaliya, Moldova, Norveç, Polşa, Rumıniya, Rusiya, İsveçrə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatlarını təmsil edirlər.
İki həftə davam edəcək proqram çərçivəsində dünyanın tanınmış alimləri və ekspertləri qlobal enerji və ətraf mühit məsələlərini müzakirə edəcəklər. Bakı Yay Enerji Məktəbi enerjinin əsasları, enerji qanunu, enerji iqtisadiyyatı, gəlir və resursların idarə edilməsi və ətraf mühit problemləri kimi mövzuları əhatə edir. Yay məktəbinin müəllim heyəti Texas A&M, Kaliforniya, Hayfa universitetləri, Fransanın Petroleum İnstitutu, NATO daxil olmaqla dünyanın aparıcı təhsil ocaqlarını və beynəlxalq təşkilatlarını təmsil edir.
Yay məktəbində ARDNŞ-in, "ExxonMobil", "BP", "Total", "Şlumberger" neft şirkətlərinin, eləcə də Milli Məclisin, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirliklərinin, Dövlət Neft Fondunun nümayəndələrinin çıxışları planlaşdırılır. İştirakçılar Azərbaycanın neft-qaz sənayesinin tarixi ilə bağlı yerlərə ekskursiyalar da edəcəklər.
RƏVAN
09/07/12 Çap et