Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu ilin I yarımilliyində vergi ödəyiciləri daha çox elektron xidmətlərlə maraqlanıblar
2012-ci ilin I yarımilliyində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 142.573 müraciət daxil olub. Müfəttiş operatorlar tərəfindən canlı rejimdə 73.571, avtomatik rejimdə elektron operator tərəfindən 69.002 müraciət cavablandırılıb, mesaj xidməti vasitəsilə 240.346 halda vergi ödəyiciləri məlumatlandırılıb.
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 26,2%, mesaj xidməti vasitəsilə məlumatlandırılan vergi ödəyicilərinin sayı isə 3,2 dəfə artıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (27,9%), hesabatlar və onların doldurulma qaydaları (16,5%), vergi növləri (14,3%), qeydiyyat (14,6%), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (8,4%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (3,6%) barədə məlumat əldə etmək istəyiblər. Vergi ödəyicilərindən daxil olan sualların 98,8%-nə müfəttiş-operatorlar dərhal, 1,2%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər.
Daxil olmuş müraciətlərin 86,9%-i 30 saniyə ərzində cavablandırılmaya qəbul edilib və orta hesabla birbaşa cavablandırılan 1 müraciət 3 dəqiqə 44 saniyə ərzində cavablandırılıb. Müfəttiş operatorlarla ilk telefon əlaqəsindən sualların tam cavablandırılması səviyyəsi 90,3%, müraciət edənlərin razı qalma səviyyəsi isə 98,6% təşkil edib.
Sualların 84,7%-i Bakı şəhərindən, 11,1%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub. Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 281 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.
Nazirlikdən qeyd edilib ki, təkcə iyun ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 16.241 müraciət daxil olub. Ötən ay müfəttiş operatorlar tərəfindən canlı rejimdə 7.412, avtomatik rejimdə elektron operator tərəfindən 8.829 müraciət cavablandırılıb.
2011-ci ilin iyun ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 3,3% artıb: “Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (31,6%), hesabatlar və onların doldurulma qaydaları (5,7%), vergi növləri (15,5%), qeydiyyat (18,5%), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (10,2%) barədə məlumat əldə etmək istəyiblər.
Vergi ödəyicilərindən daxil olan sualların 97%-nə müfəttiş-operatorlar dərhal, 3%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər. Daxil olmuş müraciətlərin 93,8%-i 30 saniyə ərzində cavablandırılmaya qəbul edilib və orta hesabla birbaşa cavablandırılan 1 müraciət 4 dəqiqə 37 saniyə ərzində cavablandırılıb. Müfəttiş operatorlarla ilk telefon əlaqəsindən sualların tam cavablandırılması səviyyəsi 92,3%, müraciət edənlərin razı qalma səviyyəsi isə 98,8% təşkil edib.
Sualların 84,3%-i Bakı şəhərindən, 10,6%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub. Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 45 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib”.
HƏQİQƏT
10/07/12 Çap et