Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron Naxçıvan – 7: lokal şəbəkədə İKT-dən istifadə imkanları”


Naxçıvan Dövlət Universitetində (NDU) “Elektron Naxçıvan–7: lokal şəbəkədə İKT-dən istifadə imkanları” mövzusunda beynəlxalq simpozium keçirilib.

Gürcüstanın Batumi Dövlət Universitetinin professorlarının, Cənubi Koreyanın bir qrup tələbəsinin iştirak etdiyi simpoziumun plenar iclasını universitetin rektoru, akademik İsa Həbibbəyli açıb.

O, “Naxçıvan Dövlət Universitetində elektron hərəkat: əsas nəticələr və qarşıda duran vəzifələr” mövzusunda məruzə edərək Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişləndirilməsi istiqamətində dövlət strategiyasının uğurlarından danışıb.

Naxçıvan Muxtar Respublikasının (MR) rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov “Naxçıvan MR-də İKT-dən istifadənin müasir vəziyyəti və inkişaf perspektivləri” adlı məruzəsində bildirmişdir ki, muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində bir zamanlar informasiya blokadasında olan Naxçıvan bu gün Azərbaycanda informasiya cəmiyyəti qurulmasında aparıcı rola malik bir regiona, dinamik inkişafda olan virtual məkana çevrilib. Bu gün muxtar respublikada təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə ən son İKT-dən istifadə olunur, elektronlaşma böyük müvəffəqiyyətlə həyata keçirilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “Naxçıvanda  biliklər iqtisadiyyatının formalaşması imkanları və perspektivləri” haqqında məruzə edərək “Elektron Naxçıvan – 7: lokal şəbəkədə İKT-dən istifadə imkanları” simpoziumunu informasiya cəmiyyəti məsələlərinə həsr olunmuş Naxçıvan sammiti kimi dəyərləndirib.

Gürcüstanın Batumi Dövlət Universitetinin professoru Mixeil Donedze “Korporativ şəbəkələrdə GSM infrastrukturu əsasında təhlükəsizliyin təmini məqsədi ilə avtomatlaşdırılmış sistemin qurulması” mövzusunda məruzə edib.

Simpoziumda Türkiyənin Ərzurum Atatürk Universiteti rektorunun köməkçisi, Avrasiya İpək Yolu Universitetlər Konsorsiumunun baş katibi, professor Sebahettin Tüzemen və portuqaliyalı professor Diamantino Lopeslə videobağlantı
olub.

Simpozium çərçivəsində NDU tələbələri arasında İKT-nin inkişaf vəziyyəti ilə bağlı videobağlantı müsabiqəsi də keçirilmişdir. Qaliblər mükafatlandırıldıqdan sonra universitetin incəsənət fakültəsinin müəllim və tələbələri iştirakçılara rəngarəng konsert proqramı təqdim ediblər.





10/07/12    Çap et