Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ölkə üzrə ev təsərrüfatlarının internetə çıxış imkanları genişlənib


Azərbaycanda ölkə üzrə ev təsərrüfatlarının internetə çıxış imkanları genişlənib. Onların ötən il orta hesabla 53.7 faizinin (2010-cu ildə 45.1 faizi) internetə çıxış imkanı olub. Ev təsərrüfatlarının 24.2 faizi modem (dial-up) rejimində, 39.6 faizi mobil telefon vasitəsilə, 35.7 faizi genişzolaqlı xətt vasitəsilə, 0.5 faizi isə digər avadanlıqlar vasitəsilə internetə çıxış imkanı əldə edib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Respublikada ev təsərrüfatlarının internetə çıxış imkanları ilə bağlı sorğu aparan komitədən bildirilib ki, əvvəlki illərdə olduğu kimi, texniki imkanların mövcudluğuna görə yenə də ölkə paytaxtında əhalinin daha çox hissəsi internetə modem vasitəsilə, digər iqtisadi rayonlarda isə əhali daha çox mobil telefonlar vasitəsilə internetə qoşulmaq imkanı əldə edib. İnternetə çıxışı olmayan ev təsərrüfatlarının 39.7 faizi kompyuter avadanlıqlarının baha olmasını, 17.8 faizi bu sahədə kifayət qədər anlayışının olmamasını, 14.6 faizi ehtiyac duymadığını bildirib.

Bundan başqa, internetə çıxışı olmayan ev təsərrüfatlarının 1.2 faizi ərazidə texniki imkanın olmamasını, 15.4 faizi isə başqa səbəbləri əsas gətirib. Kompyuteri olan, amma internetə çıxışı olmayan ev təsərrüfatlarının 28.6 faizi (2010-cu ildə 31.7 faizi) internetdən istifadə haqqının yüksək olduğuna görə internetə çıxışının olmadığını göstərib.
 
HƏQİQƏT





10/07/12    Çap et