Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gənclər evi”ndə müasir informasiya və kommunikasiya texnologiyaları infrastrukturu yaradılacaq


2013-cü ilin sonuna kimi Bakının Binəqədi,  Xəzər, Qaradağ,  Sabunçu, Suraxanı rayonlarında “gənclər evi” tikilib istifadəyə veriləcək. Gənclər və İdman Nazirliyinin, Sağlam  Həyat Tərzinin Təbliği və Sosial Proqramlar sektorunun müdiri Nərmin Bağırovanın verdiyi məlumata görə, yeni layihə əsasında tikilən “gənclər evi”ndə müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi də nəzərdə tutulub.

Onun sözlərinə görə, burada gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə məlumat-məsləhət, təlim, dil, dərnəklər, idman növləri üzrə görüş, debatlarla yanaşı, internet-klubların yaradılması, həmçinin onların bilik və bacarıqlarının zənginləşdirilməsi məqsədilə kompyuter kurslarının yaradılması nəzərdə tutulur. Burada xidmətlərin bəzilərinin ödənişli, bəzilərinin isə ödənişsiz olması nəzərdə tutulur.

Qeyd edək ki,  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən, digər 10 rayonda da “gənclər evi”nin  tikintisi nəzərdə tutulur. Dövlət Proqramına əsasən, 13 rayonda “gənclər evi” tikilib, daha 10 rayonda isə tikilməsi nəzərdə tutulur: “Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Qazax, Quba, Bərdədə tikiləcək. 2015-ci ilin sonuna kimi  tikinti işləri yekunlaşacaq”.

RƏVAN





10/07/12    Çap et