Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət reyestri yaradılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.
Qanunun tətbiqini təmin etmək məqsədilə ölkənin Nazirlər Kabinetinə üç ay ərzində mövcud qanunu digər qanunlarla, ölkə Prezidentinin aktları, Nazirlər Kabinetinin normativ-hüquq aktları ilə uyğunlaşdırmaq haqqında təklifləri hazırlamaq və bu təklifləri ölkə Prezidentinə təqdim etmək tapşırılıb.
Bundan başqa, Nazirlər Kabinetinə üç ay ərzində beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydalarını və həmin nömrələrin verilməsinə görə haqqın məbləğini müəyyən etmək, nəzarət markalarının verilməsi və onlardan istifadə qaydalarını təsdiq etmək, nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləğini müəyyən etmək tapşırılıb.
Həmçinin, hökumətə üç ay ərzində nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması qaydalarını müəyyən etmək tapşırılıb.
Bundan əlavə, Nazirlər Kabineti üç ay ərzində həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Fərman 2012-ci il iyulun 6-da imzalanıb.
11/07/12 Çap et