Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi genişlənir
Diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi təcrübəsinin genişləndirilməsinə əlavə stimul yarandığını bəyan edirlər. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, respublika prezidentinin sərəncamı ilə Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə üç milyon manat vəsait ayrılıb. Sərəncamda respublikanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra xaricdəki soydaşlarımızın təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi və onların digər diaspor təşkilatları ilə əməkdaşlıgının dərinləşdirilməsi sahəsində mühüm addımlar atıldığı qeyd olunub.
Azərbaycan diaspor təşkilatlarından Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olmuş çoxsaylı məktub və müraciətlərində prezidentin sərəncamı diaspor quruculuğu işinə dövlətin verdiyi önəmin daha bir təzahürü kimi qiymətləndirilir: "Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevin bu diqqət və qayğısını yüksək dəyərləndirir və xalqımızın tarixi, müasir həyatı, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı məlumatların yayılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklərini bəyan edirlər.
Məktublarda həmçinin vurğulanır ki, prezidentin diaspor təşkilatlarına dərin etimadının ifadəsi olan bu sərəncam milli-mədəni irsimizin beynəlxalq miqyasda daha effektiv şəkildə təbliğ olunması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinin təkmilləşdirilməsi, ictimai-siyasi fəallıq səviyyəsinin yüksəldilməsi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin və ziyalıların bu prosesə daha fəal şəkildə cəlb olunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi təcrübəsinin genişləndirilməsinə əlavə stimul yaradacaq".
Azərbaycan diaspor təşkilatları bəyan edir ki, müxtəlif konfrans, seminar və sərgilərinin keçirilməsi, eyni zamanda xarici ölkələrin parlament və hökumət nümayəndələri, ictimai xadimləri, jurnalistlərinin Azərbaycana səfərlərinin və respublikadan elm adamları, ictimai və mədəniyyət xadimləri, habelə jurnalistlərin xarici ölkələrdəki tədbirlərdə iştirakının təşkili istiqamətində fəaliyyətini daha da gücləndirəcək. Müraciətlərdə həmçinin vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 iyul 2012-ci il tarixli "Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə baglı tədbirlər haqqında Sərəncam"ı bu sahədə planlaşdırılan işlərin effektiv formada həyata keçirilməsinə şərait yaradacaq və Azərbaycan diasporu və lobbi quruculuğunun bundan sonrakı inkişaf perspektivini müəyyən edəcək.
HƏQİQƏT
11/07/12 Çap et