Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənclər arasında informasiya texnologiyalarından istifadə ilə bağlı layihələr maliyyələşdiriləcək


Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün 16 yanvar tarixindən 16 fevral 2012-ci il tarixinədək müxtəlif mövzular üzrə müsabiqə keçirilib.

Müsabiqə üçün nəzərdə tutulan istiqamətlərdən biri də gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği ilə bağlı olub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, qismən maliyyələşdirilmiş gənclər təşkilatlarının layihələri ilə bağlı elan edilmiş müsabiqənin nəticələri bəlli oldu: “Müsabiqəyə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təklifləri əks etdirən 115 təşkilat layihə təqdim edib.

Təqdim edilən layihələrin 4-ü müsabiqənin mövzusuna uyğun gəlmədiyi, 18 təşkilat isə gənclər təşkilatı olmadığı üçün  həmin təşkilatların layihələrinə baxılmayıb. 93 gənclər təşkilatının layihələri müsabiqənin şərtlərinə uyğun olaraq təhlil edilmiş və 57 gənclər təşkilatının layihəsinin qismən maliyyələşdirilməsinə qərar verilib. Maliyyələşdirilən layihələrin ümumi büdcəsi 851.589 manat təşkil edir”.

İnformasiya texnologiyalarından faydalı istifadənin təbliği ilə bağlı layihələrə gəlincə, qismən maliyyələşdiriləcək layihələr sırasında “Gənclərin Mədəniyyət Əməkdaşlıq Liqası” İctimai Birliyi, “Gələcəyə İnam” Gənclər Təşkilatı, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu tərəfindən təqdim edilən “Region gənclərinə bloqçuluq bacarıqlarının öyrədilməsi”, “Nur” Uşaq və Gənclərin İctimai Birliyinin “Kiber-Yay” Düşərgəsi, “Gənclər Mərkəzi” İctimai Birliyinin “İnformasiya cəmiyyətində gənclər amili” layihələri var. Bundan başqa, “Gənclərin Maarifləndirilməsi və Təlimi” İctimai Birliyi “Alınmaz qala” sənədli filmini, Kompyuter Oyunları Milli Assosiasiyası “GUAM dövlətlərinin gənclər forumunun informasiya mərkəzinin yaradılması” layihəsinin davamını, “Uşaq və Gənclərin İnformasiya Texnologiyaları sahəsində Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi isə “Uşaq və gənclərə müasir İKT-dən istifadəyə şərait yaradılmasına dəstək” layihəsi təqdim edilib.

Həmçinin, “Gənc Xəzər Mühəndisləri” İctimai Birliyinin “AzRoboTex”,  “Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimai Birliyinin “Əlil və valideyn himayəsindən məhrum olmuş gənclərə onlayn konfrans yolu ilə hüquqi yardım göstərilməsi” layihələri də nazirlik tərəfindən qismən maliyyələşdiriləcək.

S. Məmmədova qeyd edib ki, müsabiqə Gənclər və İdman Nazirliyinin kollegiyasının 31 iyul 2006-cı il tarixli “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış proqramların (layihələrin) qismən maliyyələşdirilməsi haqqında” qərarı və “Ekspert-Məsləhət Şurası”nın əsasnaməsini və əsasnamələrə əlavə və düzəlişlərin edilməsi haqqında kollegiyanın 30 oktyabr 2008-ci il tarixli qərarı, “Gənclər siyasəti haqqında” qanunun müvafiq maddəsinə əsasən gerçəkləşib.

Həqiqət İSABALAYEVA





11/07/12    Çap et