Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telefonu işləmirdi, müraciət etdi və ...


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Qaynar xətt"inə  Şamaxı rayon sakini, 5-02-19 saylı telefonun istifadəçisi Əzimova İlhamədən daxil olan şikayət araşdırılıb. Şikayətçi mənzilində istifadə etdiyi 5-02-19 saylı telefonun xətdə olan nasazlığa görə 3 həftədən artıq işləmədiyini bildirib.

Abonent bununla bağlı Şamaxı Telekommunikasiya Qovşağına 5-6 dəfə müraciət etsə də, müraciət nəticəsiz qalıb. Nəhayət, iyulun 9-da qovşağa təkrar müraciət etdiyini deyən İ.Əzimovanın sözlərinə görə, qovşaqdan telefon xəttinin həmin gün (iyulun 9-da) düzələcəyi ilə bağlı abonentə söz verilib.

Şikayətin həllini tapıb-tapmaması ilə bağlı qarşı tərəf - Şamaxı Telekommunikasiya Qovşağı (ŞTQ) ilə də əlaqə saxladıq. Əvvəlcə sualımızı "Onlar "Aztelekom"a müraciət etmişdi. Biz düzəltdik, onlar da "Aztelekom"la danışdı.
"Aztelekom"a müraciət ediləndə müraciət edilən tərəflə əlaqə saxlanılır"-cavabı ilə qarşılayan "Şamaxı Telekommunikasiya Qovşağının rəisi Faiq Hümbətov daha sonra məsələnin yenidən araşdırılıb, nəticəsi barədə məlumat veriləcəyini bildirdi. Redaksiyaya təkrar zəng vuran F.Hümbətovun sözlərinə görə, artıq daxil olan müraciətlə bağlı problem aradan qaldırılıb və hazırda istifadəçinin telefon xətti işlək vəziyyətdədir.

Ümumiyyətlə isə ŞTQ rəisi hər gün qovşağa adətən 10-15 müraciətin gəldiyini deyir: "Şamaxı Telekommunikasiya Qovşağının 6 min abonenti var. Hər gün qovşağa abonentlərdən 10-15 müraciət daxil olur. Şikayətlərdə daha çox xətlərin zədələnmələri ilə bağlı problemlər üstünlük təşkil edir. İqlim şəraitinin dəyişdiyi günlərdə - yağışlı, küləkli və s. havalarda isə xətlərdə zədələnmələrlə bağlı problemlər də artır".
 
HƏQİQƏT





11/07/12    Çap et