Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Bankda Fəaliyyət Əsaslı İdarəetmə sistemi yaradılacaq


Mərkəzi Bankda (MB) Fəaliyyət Əsaslı İdarəetmə sistemi – “Activity Based Costing/Management System” yaradılacaq.  Bu məqsədlə MB “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq açıq tender keçirir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankdan məlumat verilib. Bankdan bildirilib ki, tender proseduru 24 avqust 2012-ci il tarixində saat 15:00-da MB-nın inzibati binasında keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçı banka müvafiq sənədləri təqdim etməlidir: “İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 23 avqust 2012-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 10 avqust 2012-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanında yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq”. Fəaliyyət Əsaslı İdarəetmə sisteminin yaradılması müddətinə gəlincə, bu, tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 12 ay ərzində həyata keçiriləcək.

Bankdan iddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amillərinə də toxunulub. Belə ki, prosesdə maliyyə və texniki amillər - sistemin tələblərə uyğunluğu, avadanlıqların tələblərə uyğunluğu, istismar xarakteristikaları əsas götürüləcək.
 
HƏQİQƏT






12/07/12    Çap et