Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda gömrük ödənişləri tam elektron formaya keçib
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) gömrük ödənişlərinin 97 faizini nağdsız qaydada qəbul edir. Bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı DGK sədri Aydın Əliyev bildirib.
"Bu gün gömrük ödənişlərinin bank və ya plastik kart vasitəsilə alınması təşkil olunub, bütün gömrük idarələrində pos-terminallar quraşdırılıb və ya müvafiq bankların filialları açılıb", - Əliyev deyib.
Onun sözlərinə görə, ötən dövr ərzində gömrük xidmətinin fəaliyyəti avtomatlaşdırılmış vahid idarəetmə sisteminə keçirilib.
"Bu sistem ölkəmizdə ticarətin liberallaşdırılması, iş adamlarına daha əlverişli iş şəraitinin yaradılması istiqamətində mühüm addımların atıldığını bir daha göstərir", - DGK sədri bildirib.
Onun sözlərinə görə, son zamanlar digər aidiyyəti icra orqanları ilə məlumatların birgə elektron qaydada mübadilə edilməsi və vahid şəbəkənin qurulması istiqamətində işlər davam etdirilir.
13/07/12 Çap et