Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov xarici ölkələrin qabaqcıl universitetlərində informasiya texnologiyaları üzrə ( İT) təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Nazir xaricdə təhsil alan tələbələrlə keçirilən görüşlərin ənənə halı aldığını qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində sürətlə inkişaf edən ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanmasına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. Dünyanın ən tanınmış universitetlərində yüzlərlə azərbaycanlı gəncin təhsil aldığını bildirən nazir, bunlar arasında İT sahəsini əhatə edən ixtisaslar üzrə təhsil alan gənclərin də olduğunu vurğulayıb.
Ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında İKT-nin inkişafının prioritet təşkil etdiyini bildirən nazir bu sahədə kadr hazırlığının xüsusilə diqqət mərkəzində olduğunu qeyd edib.
Nazir ölkə başçısının imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "İKT üzrə Kadr Hazırlığı Proqramı"nın həyata keçirildiyini və İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı Naminə İnsan Resursları Fondunun təsis edildiyini qeyd edib.
Nazir kadr hazırlığı məsələsində Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"nda və "Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı"nda adı yer almış universitetlər və ixtisasların əsas götürüldüyünü diqqətə çatdıraraq indiyədək nazirlik tərəfindən 186 tələbəyə maddi-mənəvi dəstək göstərildiyini, onların bakalavr, magistr və aspirantura pillələrində təhsil almaları üçün şərait yaradıldığını bildirib.
Eyni zamanda, nazir Əli Abbasov tələbələrin təhsil və məişət problemləri ilə maraqlanaraq, onların həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Tələbələr isə öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib, göstərilən qayğıya cavab olaraq elmi biliklərə yüksək səviyyədə nail olmağa, təhsil aldıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə söz veriblər.
Görüşün sonunda nazir tələbələrə müvəffəqiyyətlər arzulayaraq, onlara harada yaşamaqlarından, harada işləməklərindən asılı olmayaraq Azərbaycanı unutmamağı, Vətənə xidmət göstərməyi tövsiyə edib.
RƏVAN
19/07/12 Çap et