“Azərspace-1” üçün əldə olunan kredit sazişi ilin ən yaxşı mükafatçıları sırasındadır
Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace-1”in orbitə buraxılışının maliyyələşdirilməsi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərkosmos” ASC-nin 2011-ci ildə Fransanın “COFACE” İxrac Kredit Agentliyindən əldə etdiyi 98 milyon ABŞ dolları məbləğində kreditə dair saziş beynəlxalq ticarət və maliyyə sahəsində geniş oxucu kütləsinə sahib “GTR: Ticarət və Maliyyə Xəbərləri” jurnalı tərəfindən “2011-ci il üzrə ən yaxşı maliyyə sazişləri” sırasına daxil edilib. Bu barədə “Azərkosmos”ASC-dan verilən məlumatda bildirilir.
Jurnalda dərc olunan məlumata görə, maliyyə böhranına və çətin bazar şərtlərinə baxmayaraq, “Azərkosmos” ASC müxtəlif maraqları bir araya gətirərək Fransanın “Societe Generale” və “SMBC Avropa” bankının əməkdaşlığını təmin edə bilib və yüksək məbləğli kreditin sərfəli şərtlərlə əldə olunmasına nail ola bilib.
Jurnalda peykin orbitə buraxılması məqsədilə “Arianespace” şirkətindən “Arien-5” raketinin alınması üçün sərf edilməsi nəzərdə tutulan kreditin əlverişli əsaslarda “Azərkosmos” ASC-yə verilməsinin əsas səbəbi kimi sürətlə inkişaf etməkdə olan və böyük iqtisadi potensiala malik ölkələrə dəstək verilməsi planları və Qafqazda ilk milli peyk operatoru olan “Azərkosmos” ASC-nin beynəlxalq peyk sənayesi bazarında mühüm rol tutacağına yaranan etimad göstərilir.
“Azərkosmos” ASC-nin daha öncə peykin istehsalı ilə əlaqədar olaraq ABŞ “İxrac-İdxal Bankı”nın zəmanəti ilə “BNP Paribas” bankından 116.6 milyon ABŞ dolları məbləğində kredit əldə etməsi jurnalda xüsusi olaraq qeyd olunub. Jurnalda bu kreditlərin əsas təminatçısı qismində Azərbaycan Hökumətinin çıxış etməsi bu strateji layihəyə verilən böyük əhəmiyyətin və Azərbaycanla etibarlı əməkdaşlığın göstəricisi kimi təqdim olunub.
Mükafat haqda xəbərə dair məlumat aşağıdakı keçiddən əldə oluna bilər.
http://www.transactionservices.citigroup.com/
RƏVAN