Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsanların əksəriyyəti informasiya texnologiyaları üzrə mütəxəssis olmaq istəyirlər


Ölkəmizdə informasiya texnologiyalarının prioritet sahə elan olunması, ictimai siyasi həyatın bütün sahələrinə nüfuz etməsi səbəbindən həm informasiya texnologiyaları (İT), həm də digər sahələrdə müvafiq ixtisaslı mütəxəssislərə tələbat artıb.

Bu proses yaxın illərdə daha da güclənəcəkdir. Yüksək ixtisaslı kadr potensialının mövcudluğu İT sferasının inkişafında əsas faktorlardan biridir. Məhz bu baxımdan, Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə (2010-2012-ci illər üçün), Azərbaycan Respublikası regionlarının inkişafı üzrə (2009- 2013-cü illər üçün), Azərbaycan Respublikası Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramlarında (2007-2015-ci illər):

1) müxtəlif ixtisaslı kadrlara olan tələbatın müəyyən edilməsi;
2) əmək bazarının rəqabətədavamlı kadr hazırlığının təkmilləşdirilməsi;
3) təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələləri öz əksini
tapıb.

Sadalanan məsələlərin həlli istiqamətində Azərbaycanda son onilliklərdə
formalaşmış əmək bazarının İT mütəxəssisləri seqmentinin vəziyyətinin öyrənilməsi və bu sahədə mövcud olan problemlərin araşdırılması mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə İT üzrə inkişafın dinamikasını, onun mövcud vəziyyətini, yaşadığı problemləri və inkişaf perspektivlərini müəyyənləşdirmək üçün aidiyyəti olan 3 tip əhali kateqoriyası: İT mütəxəssisləri, İT ekspertləri və işəgötürənlər arasında anket sorğusu keçirilib.

İT mütəxəssislərinə ünvanlanmış sorğuda onların yeni İT ixtisasına yiyələnmək istəklərinin məqsədini və bu istəyin reallaşdırılması zamanı rastlaşdıqları problemləri müəyyənləşdirməyə imkan verən suallar da öz əksini tapıb. Bu məqalədə respondentlərin həmin suallarla bağlı cavablarının təhlili verilib.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun prioritet sahə elan olunması, bir sıra mühüm proqram və layihələrin həyata keçirilməsi, əldə edilmişnailiyyətlər, informasiya cəmiyyəti quruculuğu istiqamətində atılan addımlar İT sahəsinin dinamik inkişafına təminat verir. Odur ki, bu sahədə iş təcrübəsi az olan və ya heç olmayan mütəxəssislər təhsil müəssisələrində əldə edə bilmədikləri bilik və bacarıqları "tamamlamaq", müasir inkişafdan geri qalmamaq və rəqabətədavamlılıq nümayiş etdirməkdə maraqlıdırlar.

Sorğunun nəticələrinə əsasən, demək olar ki, respondentlər yüksək ixtisaslı İT kadrlarının qıtlığı problemini və onlara qarşı yürüdülən tələbləri yaxşı dərk edirlər. Onlar başa düşürlər ki, İT üzrə kadr bazarında rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün tamamlanmış ali təhsillə yanaşı, yüksək bacarığa və peşəkarlığa malik olmalıdırlar. Odur ki, İT sektorunda çalışan respondentlər sürətlə yeniləşən texnologiyalarla ayaqlaşmaq üçün malik olduqları bilik və bacarıqların daima artırılmasının yeganə yol olduğunu çox yaxşı dərk edirlər. Sorğuda iştirak edən respondentlərin 90,8%-i İT ixtisası üzrə işlə məşğul olmaq üçün bilik və bacarığını artırmaq istədiklərini bildirmişlər və bu da yuxarıda deyilənləri bir daha təsdiqləyir.

Çox maraqlı bir haldır ki, İT mütəxəssisləri, əsasən, proqramçılar, müəyyən birpredmet sahəsində kompyuter idarəetmə sistemlərinin yaradılması zamanıavtomatlaşdırılması tələb olunan məsələlərə aid olan müvafiq spesifik biznes-prosesləri dərindən öyrənməli olurlar.

Məsələn, mühasibat, layihələndirmə, gömrük, tibb, sosial müdafiə və s. sahələrdə İT-nin tətbiqi və müşayiəti ilə məşğul olan mütəxəssislər bu sahənin bütün incəliklərini mənimsəyirlər və demək olar ki, həmin sahənin mütəxəssisi olurlar. Həmin mütəxəssislər arasında müvafiq peşə sahəsini dərindən bildiklərinə görə bu sahəyə keçmək təklifi alanlar və onu qəbul edənlər də olur.

Bu gün İT ixtisası üzrə diploma və sertifikata malik olan mütəxəssislər iş axtararkən işəgötürənlərin diqqətindən kənarda qalmırlar. Respondentlərin 55,9%-i iş tapmaqda İT ixtisası üzrə sənədin çox böyük köməyi olduğunu göstərmişlər.

Lakin onlar başa düşürlər ki, İT üzrə kadr bazarında rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün tamamlanmış ali təhsillə yanaşı, yüksək peşəkarlığa və ciddi sertifikata malik olmalıdırlar. Buna yeni kompaniyaların yaranması və mövcud olanların inkişafı, istifadə olunan texnologiyaların və sistemlərin daha da inkişaf etdirilməsi və yenilərinin istismarı da təsir göstərir.

İT üzrə kadrlara, adətən, özəl kompaniyalar tərəfindən yüksək tələblər yürüdülür və belə kompaniyalar işçilərə kifayət qədər yüksək əmək haqqı, karyera, təhsil almaq, sosial güzəştlər, müxtəlif layihələr təklif edirlər.

Xarici firmalar yüksək peşəkarlığa malik İT mütəxəssislərini diqqətdən kənarda qoymur, onları yerli kompaniyalara nisbətən bir neçə dəfə yüksək əmək haqqı, xarici ezamiyyətlər, təhsil xidmətləri və s. ilə işə cəlb edirlər.

Yeni İT peşəsinə yiyələnmək istədiyini bildirən 289 respondentdən 112 nəfəri, yəni 38,8%-i proqram təminatı, 33,2%-i telekommunikasiya, 15,9%-i İT xidmətləri, 12,1%-i isə aparat təminatı üzrə təhsil almaq istədiyini bildirib.

Göstərilən rəqəmlər İT sahəsində proqram təminatı və telekommunikasiyaseqmentlərinin prioritet sahələr olduğunu bir daha nəzərə çatdırır. Bu sualın cavablarının nəticələri onu göstərir ki, sorğuda iştirak edən respondentlər bu gün İT sahəsində prioritet istiqamətlər haqqında çox gözəl təsəvvürə malikdirlər. Belə ki, alınan bu nəticə işəgötürənlərin İT sferasının prioritet seqmenti kimi məhz bu sahələrə daha çox önəm verdiklərini əks etdirən nəticələrlə uzlaşır (sorğuda iştirak edən işəgötürənlərin 24,7%-i proqram təminatı, 48%-i telekommunikasiya, 15,3%-i İT xidmətlərinə, 12,%-i isə aparat təminatına önəm vermişlər).

Cari sualla bağlı respondentlərin cavablarının rayonlar üzrə təhlili göstərib ki,
Bakı-Abşeron zonası üzrə yeni İT ixtisasına yiyələnmək istəyənlərin böyük əksəriyyəti İT sahəsinin telekommunikasiya (İnternet xidməti, İP-telefoniya, korporativ şəbəkələrin təşkili və s.) seqmentinə, digər rayonlar üzrə olanlar isə proqram təminatı seqmentinə daha çox önəm verirlər.

Yeni İT üzrə təhsil almaq istəyənlərin 63,2%-i bunun təhsil aldıqdan sonra müvafiq ixtisasa yiyələnməyə ilk, 36,8%-i isə növbəti cəhd olduğunu bildirmişlər.

Sonuncular yeni İT ixtisasına yiyələnmək istəklərini bu ixtisasın əvvəlkilərdən daha perspektivli olması ilə əsaslandırmışlar. Belə əsas gətirən respondentlər 40,9% təşkil edirlər. Respondentlərin 28,9%-i yeni İT ixtisasına yiyələnmək istəklərini əmək haqqının əvvəlkindən daha yüksək olması, 18,8%-i tez və əlverişli iş tapmağa daha yararlı olması, yalnız 11,4%-i isə yiyələnəcəkləri İT ixtisası ilə bağlı iş şəraitinin əvvəlkindən daha yaxşı olması ilə əsaslandırırlar.

Yeni İT üzrə təhsil almaq istəyinin səbəbi ilə bağlı sualların cavablarını şərhedərkən qeyd etmək lazımdır ki, İT üzrə əmək bazarına uzun müddətli təsir göstərir və bu sahədə çalışan işçi qüvvəsinin struktur tərkibini daha çox tələb olunanların xeyrinə dəyişir.

Qeyd etmək lazımdır ki, hazırda gənclərin İT ixtisaslarına marağı daima artır, onlarbilirlər ki, təhsili bitirdikdən sonra kifayət qədər yüksək əmək haqqı təklif edən iş tapa biləcəklər. Maraqlı fakt kimi onu da qeyd etmək yerinə düşərdi ki, ikinci təhsil (diplom) almaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən və yenidən test imtahanlarından keçən abituriyentlərin sayında İT-yə üstünlük verənlər çoxluq təşkil edir.

Respondentlərin 26,3%-i yeni İT peşəsinə yiyələnmək üçün, əsasən, xarici ölkələrdə müvafiq təlim-təcrübə keçməyə üstünlük verirlər ki, bu da təbiidir. Bu gün Azərbaycanda İT sahəsinin gələcək inkişafı dünya miqyasında rəqabətqabiliyyətli mütəxəssislərin yetişməsindən çox asılıdır və mütəxəssislərimiz də bu həqiqəti başa düşərək mütəmadi olaraq öz inkişaf səviyyələrini artırmaqda maraqlıdırlar. Buna dövlət tərəfindən də xüsusi dəstək göstərilir .

Respondentlər yeni İT ixtisasına yiyələnmək istəklərini reallaşdırmaq üçün kursların təşkilinə üstünlük verirlər. Belə ki, respondentlərin 21,3%-i qısamüddətli, 16,5%-i uzunmüddətli sertifikatlı tam kurslarda iştirak etməklə yeni İT ixtisasına yiyələnmək arzusunda olduqlarını bildirmişlər. Respondentlərdən 12,1%-i bu məqsədlə ixtisasartırma və ya ixtisasdəyişmə kurslarında təlim keçməyə, 8,6%-i isə distant təhsilə üstünlük veriblər.

Respondentlərin hansı yeni İT ixtisasına yiyələnmək istədiklərini araşdırarkənməlum olmuşdur ki, onlardan 14,6%-i proqramçı-mühəndis, 12,6%-i kompyuter sistemlərinin istismarı üzrə mühəndis, 8,6%-i sistem proqramçısı, 7,7%-i veb-mütəxəssis, 7,3%-i verilənlər bazası üzrə administrator ixtisasına yiyələnmək istəyirlər.

Bu cavablar İT üzrə əmək bazarında işəgötürənlərin tələblərinə müvafiqdir, bu isə məhz həmin ixtisaslardan olan İT mütəxəssislərinə tələbin daha çox olması faktını bir daha təsdiqləyir.
Cari suala respondentlərin verdikləri cavabların rayonlar üzrə analizi espondentlərin yeni İT ixtisası kimi kompyuter sistemlərinin istismarı üzrə mühəndis,proqramçı-mühəndis ixtisaslarının daha prioritet sahələr olduğunu əks etdirib. Bakı-Abşeron zonasından olan respondentlərin ən az önəm verdikləri kompyuter operatoru ixtisası, digər rayonlardan olan respondentlər üçün isə İT üzrə tədqiqatçı ixtisası olmuşdur.

Qeyd etmək lazımdır ki, belə bölgü, əsasən, rayonlarda İT şirkətlərinin çox azolması ilə bağlıdır. İT şirkəti dedikdə, təkcə konkret olaraq İT ilə məşğul olan şirkət deyil, həm də internet-provayderlər, proqramlaşdırma və kommunikasiya, həmçinin kompyuter və digər texniki avadanlıqların satışı ilə məşğul olan şirkətlər də nəzərdə tutulur.

Bu gün İT iqtisadiyyatın bütün sahələrinə nüfuz etdiyi üçün işəgötürənlər həmin sahədə aparılan dövlət siyasətini çox düzgün dərk edirlər və əməkdaşlarının yeni, daha perspektivli İT ixtisası almalarına özləri də şərait yaradırlar. Aparılan sorğunun nəticələrində öz təsdiqini tapan bu fakt göstərir ki, müəssisələr və kompaniyalar İT sferasında dövlət siyasətinə uyğun işlərin, layihələrin həyata keçirilməsindən kənarda qalmaq istəmirlər, kadrlarının ixtisas səviyyələrinin artırılmasına maraqlıdırlar və bunun üçün lazımi vəsait ayırmaqdan çəkinmirlər.

Bunlarla yanaşı, respondentlərin 50,3%-nin, maliyyə imkanları olmasa da, fiziki imkanları hesabına yeni İT ixtisasına yiyələnmək istəməsi, 42,7%-nin yeni İT peşəsinə yiyələnmək üçün maliyyə imkanlarının olmaması faktı işəgötürənləri düşündürməlidir və bu işə vəsait ayrılmasının konturları cızılmalıdır.

Bu zaman təhsil haqqını ödəyən işəgötürənlər onun "qaytarılmasını" gözləməkdə haqlıdırlar. İşəgötürənlərin mütəxəssis hazırlığına böyük diqqət ayırdıqları bir vaxtda, bundan başqalarının bəhrələnməsi halları az deyil.

Belə ki, peşəkarlıq səviyyəsini artıran mütəxəssis bazarda öz qiymətini başa düşür və daha yüksək əmək haqqı təklif edilən iş yerləri tapır. Odur ki, mütəxəssis yetişdirərkən onu gələcəkdə necə saxlamaq haqqında da düşünmək lazımdır.

İT üzrə kadrlar yeni İT peşəsinə yiyələnmək istəyinin məqsədini ifadə edərkənmüvafiq sahədə işləmək üçün ən başlıca cəhətin - yaxşı savad və müasir tələblərə cavab verən təhsilin olmasını aydın başa düşdüklərini bir daha təsdiqləyiblər. Onlar dünya bazarında rəqabətədavamlı mütəxəssis olmaq, karyeralarını yüksəltmək, ixtisaslarını artırmaq və daha yüksək əmək haqqı almaq üçün yeni İT peşəsinə yiyələnməkdə israrlı olduqlarını bildiriblər.

Bunun üçün İT sahəsində ixtisaslaşmış institutların nəzdində mütəxəssislərin qısamüddətə hazırlanmasını, ixtisaslarının artırılmasını və yenidən hazırlığını həyata keçirən və bununla da, kadr qıtlığının qismən aradan qaldırılmasını təmin edən innovativ elmi-tədris mərkəzləri yaradılmalıdır. Belə mərkəzlər İT sənayesi və İT təhsili arasında "körpü" rolunu oynaya bilər, mütəmadi olaraq əmək bazarının İT seqmentinin monitorinqini həyata keçirə bilərlər.





21/07/12    Çap et