Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Spamın həcmi azalıb
“FireEye” şirkəti və “SpamHouse” monitorinq xidmətinin son məlumatlarına əsasən, “Grum” botnetinin əmr serverlərinin neytrallaşdırılmasından sonra göndərilən spamın həcmi təxminən 50 faiz azalıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Grum” botneti fəallığının pik anlarında gün ərzində 18 milyard spam göndərirdi və onun tərkibinə ziyanverici proqramlarla yoluxdurulmuş 120 mindən çox kompyuter daxil idi. Ekspertlər bildiriblər ki, “Grum” yalnız spam-bot kimi tətbiq edilməyib, bu şəbəkənin blok edilməsi, həmçinin digər, “Lethic” adlı daha böyük spam-şəbəkənin işində problemlər yaradıb.
Məlumat üçün bildirək ki, “Grum” botneti Rusiya, Panama və Ukrayna ərazisində yerləşmiş serverlər vasitəsilə fəaliyyət göstərib. Şirkətlərdən verilən məlumata əsasən, “Grum” botneti vasitəsilə bir qayda olaraq saxta dərman preparatları, zinət əşyaları və saatlar reklam olunurdu.
“FireEye” şirkətində çalışan ekspertlərin sözlərinə görə, bir neçə gün bundan əvvəl “Grum” botnetinin Panama ərazisində fəaliyyət göstərən sonuncu nəzarət serveri neytrallaşdırılıb.
Bununla belə, şirkət bildirib ki, “Grum” botnetinin fəaliyyətinin çox hissəsinin blok edilməsinə baxmayaraq, lakin onlarda əvvəlki kimi yoluxdurulmuş kompyuterlərin bazası saxlanılır. Ekspertlərin hesablamalarına görə, hazırda “Grum” botnetinə ən azı 20 min yoluxdurulmuş kompyuter daxildir və onlar əvvəlki kimi istənilən vaxt spamın göndərilməsinə başlamağa hazırdırlar.
EMİL
23/07/12 Çap et