Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gürcüstanın nazir müavinləri Azərbaycanlılarla distant formada görüşüblər


Azərbaycanda səfərdə olan Gürcüstanın Əmək, Səhiyyə və Sosial Məsələlər üzrə nazir müavini İrakli Nadareyşvili və Məşğulluq nazirinin müavini Nikolaz Ramişvili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) bölgələrlə birbaşa videoəlaqə yaratmağa imkan verən videokonfrans zalında olub və onlar ayrı-ayrı bölgələrin sakinləri ilə distant formada əlaqə saxlayıblar.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, Dünya Bankının təşəbbüsü və təşkilatçılığı ilə cari ilin aprel-may aylarında Londonda keçirilən "Sosial təminat şəbəkəsinin öyrənilməsi" mövzusunda beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində həyata keçirilən siyasət barədə verdikləri məlumatlar üzv ölkələrin, o cümlədən Gürcüstanın təmsilçilərində böyük maraq doğurub. Bununla əlaqədar olaraq, respublikamızda qeyd olunan sahədə əldə olunan təcrübənin öyrənilməsi məqsədilə hər iki nazir müavininin Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrinin fəaliyyəti, aztəminatlı ailələr üçün aktiv sosial yardım proqramları, o cümlədən Özünədəstək proqramı, Sosial Dəstək Fondunun yaradılmasına hazırlıq işləri, aktiv əmək bazarı proqramları və s. ilə yaxından tanış olacaqlar.
 
 
HƏQİQƏT





23/07/12    Çap et