Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İntellektual İdarəetmə Sistemi ilə bağlı optimallaşdıma işlərinə başlanılıb
Nəqliyyat Əməliyyatlarını İntellektual İdarəetmə Sistemi üzrə mərhələlərlə aparılan işlər davam edir. Hazırda birinci mərhələdə Bakı şəhərində sistemin uyğunlaşdırılması, onun vahid halda fəaliyyət göstərməsi üçün optimallaşdırma işlərinə başlanılıb.
Sistemin fəaliyyəti növbəti mərhələlərdə Abşeron, daha sonra isə Azərbaycanın digər regionlarını əhatə edəcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zülfiyyə Əlizadə məlumat verib.
Şöbə müdiri bildirib ki, sistemin məqsədi ən müasir texnologiyalar tətbiq etməklə Bakı şəhərində sürətlə artmaqda olan avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış və getdikcə artan problemlərin aradan qaldırılması üçün şəhər nəqliyyatının idarə edilməsi sisteminin yaradılmasıdır.
Onun tam fəaliyyəti ilə ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına, hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə hərəkətin tənzimlənməsinə, nəqliyyatın hərəkəti barədə məlumatların nəqliyyat istifadəçilərinə çatdırılmasına, nəqliyyat vasitələrindən istifadənin iqtisadi səmərəliliyinin artırılmasına, enerji resurslarına qənaət və ekoloji durumun yaxşılaşdırılmasına nail olunacaq: “Beləliklə, mərkəzin əsas fəaliyyəti əhalinin yüksək səviyyədə təhlükəsizliyini təmin etmək və paytaxt yollarında onlar üçün rahatlıq yaratmaqdır. Məhz buna görə mərkəzin gündəminə aid olan məsələlər nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin kefiyyətinin yüksəldilməsi, aidiyyəti dövlət qurumları ilə birlikdə nəqliyyatın vəziyyəti ilə bağlı problemlərin müzakirəsi və həll edilməsidir”.
İş prinsipinə gəlincə, burada nəqliyyat axınlarından asılı olaraq işıqforların tam avtomatik idarə olunması, parklamanın idarə olunması və məsafədən icbari idarəetmə (parklama qaydalarının tətbiqi) sistemlərinin tətbiq olunması yolu ilə tıxacların yaranmasının qarşısının alınması, naviqasiya sisteminin tətbiqi, fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklanma yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi, nəqliyyat informasiyasının toplanması və təhlili sistemi, dayanacaqlarda, şəhərin giriş və əsas yollarında elektron idarəetmə sistemli məlumat tablolarının quraşdırılması, elektron-kart ödəmə sisteminin tətbiqi nəzərdə tutulur. Sistem Bakı şəhərini əhatə edən əsas çevrə və çevrədaxili paylayıcı yollar, eləcə də paytaxtın mərkəzini onun ətraf hissələri ilə birləşdirən istiqamətlər üzrə əhatə edir.
Qeyd edək ki, ümumilikdə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılmasına respublika prezidentinin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli sərəncamının icrası olaraq başlanılıb.
2009-cu ilin aprel ayından binanın tikintisinə, xarici şirkətlərlə əlaqələrin yaradılmasına, Bakı şəhəri üzrə müasir avadanlıqların çatdırılması və quraşdırılmasına dair intensiv işlər aparılıb. Real rejimdə “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” 29 dekabr 2012-ci il tarixində respublika prezidentinin iştirak etdiyi açılışdan sonra fəaliyyətə başlayıb.
HƏQİQƏT
24/07/12 Çap et