Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın gələcəkdə vergi və rüsumların onlayn ödənişi artacaq
Bu ilin aprel ayından etibarən tətbiq edilən “Vergi və rüsumların internet vasitəsi ilə ödənilməsi” artıq vergi ödəyiciləri tərəfindən intensiv istifadə edilməkdədir. Bu xidmətin fəaliyyətinin ilk 3 ayında 146 vergi ödəyicisi tərəfindən 10159 manat 98 qəpik məbləğində vergi və rüsum onlayn qaydada ödənilib.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yaxın gələcəkdə bu rəqəmlərin daha da artacağı proqnozlaşdırılır: “Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə vergi ödəyicilərinin məlumatlandırılması üçün müvafiq tədbirlər həyata keçirilməkdədir.
Elektron ödənişin tətbiqi vergi inzibatçılığının təkmilləşdirilməsinə və çevik nəzarət sisteminin yaradılmasına da öz müsbət təsirini göstərir. Bu xidmətin tətbiqi vergi ödəyiciləri üçün əlverişli olmaqla yanaşı, vergidən yayınma hallarının azalmasını və vergi daxilolmalarının artmasını təmin edəcək”.
Qurumdan qeyd edilib ki, elektron ödənişlər zamanı diqqət yetirilən məsələlər sırasında informasiya təhlükəsizliyi də əsas yer tutur: “Bu baxımdan, Vergilər Nazirliyi onlayn ödəniş sisteminin istifadəçilərinin məlumatlarının qorunması üçün müasir standartların tələblərinə tam cavab verən yüksəksəviyyəli təhlükəsizlik sisteminə malikdir və məlumat mübadiləsinin yüksək təhlükəsizlik səviyyəsini təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirməkdədir.
Beləliklə, həm vergi ödəyiciləri, həm də vergi orqanları elektron ödəmələrin böyük faydasını görə bilərlər”. Ödənişlərin elektron qaydada aparılmasının üstünlüklərinə gəlincə, bu zaman ödəyicilər banka və ya digər ödəniş məntəqəsinə getmədən istənilən yerdən və istənilən vaxt vergiləri ödəyə və ödəmənin gələcəkdə həyata keçirilməsi ilə bağlı göstəriş verə bilirlər.
Bundan başqa, onlayn ödəmə etibarlı və təhlükəsiz olması ilə də seçilir: “Vergi ödəyicisinin çoxlu sayda pul vəsaitlərini banka daşımağa ehtiyacı qalmır və nəticədə gözlənilməz risklərdən sığortalanmış olur. Eyni zamanda, vergi ödəyicisi ödənişin müvafiq xəzinədarlıq hesabatına köçürülməsini onlayn şəkildə izləyə bilər”.
Digər üstünlük müştərilərin məmnunluq səviyyəsinin xeyli yüksəldilməsi ilə bağlıdır. Belə ki, onlayn ödəmə vergi ödəyicisinin vaxtına qənaət edir və artıq xərclərinin qarşısını alır. Eyni zamanda, vergilərin yığılmasını sürətləndirir, ödənişin həyata keçirilməsi barədə dərhal bildiriş əldə etmə imkanı verir.
Onlayn ödəmənin ödəyicilər üçün yaratdığı digər imkan bank xidmət haqqının aşağı olmasıdır: “İnternet bank əməliyyatlarından istifadə edən vergi ödəyicisi banka gedib-gəlmək xərclərindən və növbə gözləməyə vaxt sərf etməkdən azad olur.
Digər tərəfdən, vergi orqanı ilə banklar arasında elektron sənəd mübadiləsinin mövcudluğu nəticəsində vergilər ödənildiyi an onların vergi ödəyicilərinin şəxsi hesab vərəqəsində əks olunmasına imkan yaranır ki, bu da vergi orqanları tərəfindən sərf edilən vaxta və insan resurslarına qənaət etməyə imkan verir. İnternet bank əməliyyatları sisteminin mövcudluğu internet bank hesabları olan vergi ödəyicilərinə ödəniş aparmağa şərait yaratdığına görə nəticədə həmin vergi ödəyicilərinin inzibati xərcləri minimuma endirilir”.
Həqiqət İSABALAYEVA
25/07/12 Çap et