Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Net 2012”-yə sentyabrda start veriləcək


25 iyul tarixdə Milli İnternet Mükafatı Müsabiqəsinin – “Milli Net 2012”-nin Təşkilat Komitəsinin (TK)toplantısı keçirilib. Toplantıda “Milli Net 2012”- nin təşkili və hazırlıqla bağlı məsələlər müzakirə edilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə “Milli Net 2012”-nin Təşkilat Komitəsindən məlumat verilib. Komitədən müsabiqəyə sentyabr  ayında  start veriləcəyi bildirilib: “Builki yarışma da 11 nominasiya üzrə keçiriləcək.

Belə ki, nominasiyalara “Korporativ saytlar”, “İctimai-sosial saytlar”, “Media və İnformasiya”, “Mədəniyyət, incəsənət və turizm saytları”, “Ailə, uşaq və sağlamlıq”, “ Asudə vaxt, idman və əyləncə”, “Bloqlar”, “Elm və təhsil”, “Dövlət və bələdiyyə saytları”, “Elektron xidmətlər” və “İstifadəçi kontenti üzərində qurulmuş saytlar” daxildir. TK tərəfindən ehtiyac olarsa, xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb. Toplantıda Təşkilat Komitəsinin və Münsiflər Heyətinin tərkibinə yeni üzvlərin seçilməsi məqsədəuyğun hesab olunub və bununla bağlı namizədlərin AİF-in toplantısında təsdiq edilməsi qərara alınıb.

Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilməyəcəyi bir daha diqqətə çatdırılıb: “TK bir daha bildirir ki, Münsiflər Heyətinin verdiyi səslər və onların əsaslandırılması  müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və “www.millinet.az”   saytında yerləşdirilir. Toplantıda müsabiqəyə təqdim olunan saytların keyfiyyətinə xüsusi diqqət yetirilməsi, qiymətləndirmə kriterilərinin dəqiqləşdirilməsi, “Milli Net” saytının təkmilləşdirilməsi, mükafatlandırma mərasiminin daha yüksək səviyyədə keçirilməsi ilə bağlı təkliflər səslənib və nəzərə alınıb.

Ötən illərdə olduğu kimi, bu il də müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək”.
“Milli Net” TK-nın toplantısında müsabiqəyə dəstəklə bağlı müvafiq qurumlara müraciət edilməsi məqsədəuyğun hesab edilib.

Təşkilat Komitəsindən o da vurğulanıb ki, ötənilki “Milli Net 2011”-in  keçirilməsinə “Azercell”, “Delta Telecom”, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək veriblər.


HƏQİQƏT





25/07/12    Çap et