Azərbaycan Gənclər Parlamentinə namizədlər üçün kompyuter vasitəsilə test imtahanı keçirilir
Azərbaycan Gənclər Parlamenti uzunmüddətli bir layihədir. Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.
Gənclər Parlamentinin müsabiqə əsasında formalaşması və 50 gəncdən ibarət olması nəzərdə tutulub. 14-28 may 2012-ci il tarixlərdə Azərbaycan Gənclər Parlamentinə aparılmış ərizə qəbulu başa çatıb və 809 namizəd qeydə alınıb. Ərizə qəbulu Azərbaycan Gənclər Parlamenti Təşəbbüs Qrupu tərəfindən elektron formada aparılıb. Parlamentə üzvlərin seçilməsi prosesi 2 mərhələdə keçiriləcək: test imtahanı və müsahibə.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, test imtahanları 23 iyul tarixdən başlayaraq Komissiya tərəfindən keçirilir. Test imtahanı bu gün başa çatacaq. Test imtahanı kompyuter vasitəsilə keçirilir və nəticələri imtahan başa çatdıqdan sonra namizədlərə təqdim edilir. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilir.
Azərbaycan Gənclər Parlamentinə namizədlərin test imtahanına daha yaxşı hazırlaşmaları üçün DQMK tərəfindən tərtib edilən test imtahanı proqramları, metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında (
http://www.dqmk.gov.az/) öncədən yerləşdirilib. Test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan dili, tarixi, coğrafiyası, Konstitusiya, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılır.
CAHANGİR