Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ünvanlı dövlət sosial yardımları plastik kartlarla ödəniləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ünvanlı dövlət sosial yardımlarının (ÜSY) mərkəzləşmiş qaydada ödənişi sisteminin yaradılması və plastik kartların hazırlanaraq vətəndaşlara verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərin təqdimatı olub.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxış edib. O bildirib ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımlarının ödənişi sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması əsas prioritetlərdən biridir.

Qeyd olunub ki,  əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun  15 may 2012-ci il tarixli 11/7-37 nömrəli “Ünvanlı dövlət sosial yardımının təyinatına nəzarətin gücləndirilməsi və ödənişin təkmilləşdirilməsi barədə” əmrinə, həmçinin nazirliyin 13 may 2012-ci il tarixli kollegiya qərarına əsasən, ünvanlı sosial yardımların təyinatına nəzarətin gücləndirilməsi, həmin yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi, yeni icra mexanizmlərinin sınaqdan keçirilməsi məqsədilə ödənişlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə artıq başlanıb. Bununla da məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə nail olunaraq, ünvanlı sosial yardımların ödənişində  maliyyə şəffaflığı təmin edilib.

Ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılması üçün ilkin olaraq Sabunçu, Binəqədi, Masallı, Ucar, Cəlilabad və Səbail rayonları pilot rayonlar kimi seçilib. Yaxın vaxtlarda bu sistemin ölkənin digər rayon və şəhərlərində də tətbiqi nəzərdə tutulur.

Eyni zamanda, nazirliklə əməkdaşlıq edən banklarla müqavilələrdə müvafiq dəyişikliklər edilib və yardımları alan vətəndaşlara plastik kartların şəxsiyyət vəsiqəsi əsasında banklar tərəfindən birbaşa verilməsinə nail olunub.

Tədbirdə videokonfrans sistemi vasitəsilə bölgələrlə birbaşa videoəlaqə yaradılıb, ayrı-ayrı bölgələrin sakinləri ilə distant formada əlaqə saxlanılıb, onların qeyd olunan sahədə görülən işlərlə bağlı fikir və təəssüratları dinlənilib.


HƏQİQƏT





26/07/12    Çap et