Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti ABŞ-da ən böyük kompyuter təchizatçılarının üçlüyünə daxil olub
2011-ci il II rübün nəticəsinə görə, “Apple” şirkətinin Amerika kompyuter bazarında payı 10,7%-ə çatıb. Beləliklə, şirkət ən böyük təchizatçıların reytinqində 1 pillə irəliləyərək üçüncü yerə keçib. İDC və “Gartner” analitik şirkətlərinin hesabatında bu barədə məlumat verilib.
Stiv Cobsun korporasiyası müxtəlif qiymətləndirmələrə görə keçən ilin aprel-iyun aylarından fərqli olaraq 8,5 - 14,7% daha çox kompyuter istehsal edib. “Apple”-dan başqa ən böyük istehsalçılar arasında digər artımı yalnız “Toshiba” (4-cü yer) nümayiş etdirib. İl ərzində onun kompyuterlərinin satışı 3,3 - 3,7% artıb.
“HP” şirkəti 26% göstərici ilə əvvəlki kimi Amerika kompyuter bazarının lideridir. “Dell” şirkəti 22% göstərici ilə ikincidir. “Acer” (8,5 — 9,3%) beşliyi bağlayır, onun satışları 1 il ərzində dörddə-birə düşüb. 2010-cu ilin ikinci rübündə üçüncü yerdə məhz Tayvan istehsalçısı idi. Analitiklərin sözlərinə görə, şirkətlərin əksəriyyətinin bazar payının azalması əsasən netbuklara tələbatın azalması və “iPad” satışlarının artması ilə bağlıdır.
15/07/11 Çap et