Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Olimpiadanın açılış mərasimini dünyanın bütün qitələrində televiziya ilə 4 milyard adam izləyib
Böyük Britaniyanın 90 min tamaşaçı tutan Olimpiya stadionunda XXX Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Qeyd edək ki, London Olimpiya Oyunlarına artıq 3-cü dəfə ev sahibliyi edir. Əvvəlki oyunlar burada 1908-ci və 1948-ci illərdə keçirilib. Bu il Olimpiya oyunlarında 36 idman növündə 302 dəst medal uğrunda mübarizə aparılacaq. Olimpiya çempionu adını qazanmaq üçün 205 ölkədən 10 mindən çox idmançı yarışacaq.
Olimpiadanın açılış mərasiminin əsas şousu “Möcüzələr adası” adlandırılıb. 42 milyon dollardan çox məbləğə başa gələn möhtəşəm şou süni yağış və dünyada ən böyük – 23 tonluq zəngin sədaları ilə müşayiət olunub.
“Oskar” mükafatı laureatı, Britaniya kinorejissoru Denni Boylun təqdimatında meydanda aqrar Britaniyanın həyatından idilliya səhnələrini Birləşmiş Krallığın tarixinə səyahət səhnələri əvəz edib.
“Tarixi parad” zamanı stadionda 1948-ci ildə Karib hövzəsindən ilk böyük mühacirət dalğası dövrünə, Britaniya qadınlarının öz hüquqları uğrunda mübarizəsinə, Krallıq zəhmətkeşlərinin 1936-cı ildə yoxsulluq və işsizliyə qarşı etirazlarına həsr olunmuş epizodlar yer alıb. Şou bitəndən sonra iştirakçı ölkələrin paradını Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın yığma komandası açıb.
Azərbaycan nümayəndə heyəti bu paradda, başda şef-demission İlham Mədətov olmaqla, 100-ə yaxın idmançı, məşqçi və mütəxəssis ilə təmsil edilib. Azərbaycan Respublikasının dövlət bayrağını komandanın kapitanı, Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli aparıb.
Xatırladaq ki, Azərbaycan komandasının 53 üzvü idmanın 16 növündə yarışacaq. Velosiped, avarçəkmə, qadınlar arasında boks, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə çıxış edəcəklər.
Sonra mərasimdə “Olimpiada-2012”-nin Təşkilat komitəsinin sədri lord Sebastyan Kou, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe çıxış edib.Böyük Britaniyanın kraliçası II Elizabet XXX Yay Olimpiya oyunlarını açıq elan edib.
İdmançıların, hakimlərin və məşqçilərin dilindən olimpiya andı səslənib.
Mərasimin “Nəsli ruhlandıraraq” devizi ilə keçən ən unudulmaz anı Olimpiya məşəlinin alovlandırılması olub. Dörd saat davam edən və rəngarəng atəşfəşanlıqla başa çatan Olimpiadanın açılış mərasimini dünyanın bütün qitələrində televiziya ilə 4 milyard adam izləyib.
Azərbaycanın idman azarkeşləri də bu möhtəşəm bayrama tamaşa etmək imkanı qazanıb. İctimai kanal və “İdman Azərbaycan” kanalı təntənəli açılış mərasimini birbaşa yayımlayıb. Xatırladaq ki, bu gün Azərbaycan idmançılarının ilk çıxışı olacaq. Biz onlara uğurlar və Vətənə qələbə ilə qayıtmağı arzulayırıq!
28/07/12 Çap et