Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli bankda kredit xidməti ilə bağlı elektron müraciət imkanı yaradılıb


«Unibank» müştərilərə kredit xidmətlərinin məsafədən göstərilməsi üzrə yeni layihəyə start verib. «Unidirect» xidməti çərçivəsində bank kredit sifarişlərinin qəbulunu elektron poçt vasitəsi ilə aparır və kreditlərin alınmasını müştərilərin iş yerlərini tərk etmədən təmin edir. Bunun üçün artıq “unidirect@unibank.az” ünvanına elektron məktub yollamaq belə kifayətdir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “Unibank”ın məlumatında deyilir.
Bankın mütəxəssisləri kredit sifarişlərini müştərilərin məhz xidməti və korporativ elektron ünvanlarından onlayn rejimində qəbul edirlər. Bundan sonra hər bir müştəri ilə əlaqə saxlanılır, kredit sifarişi üzrə məsləhətlər verilir və şəxsiyyət vəsiqəsinin nüsxəsi alınır.

Bu zaman digər sənədlərin təqdim edilməsinə ehtiyac olmur. Sifariş üzrə müsbət qərar çıxarılan kimi, bank mütəxəssisləri kreditin rəsmiləşdirilməsini müştərinin iş yerində aparırlar. Nəticədə ən qısa bir zamanda bankın kassalarına müraciət etmək zərurəti olmadan borc alana kredit kartı verilir.

Qeyd edək ki, bankın yeni «Unidirect» xidməti hələlik ancaq Bakıda fəaliyyət göstərir, amma yaxın bir zamanda ölkənin digər bölgələrinə də şamil olunacaq. Xatırladaq ki, iyulun 24-də «Unibank» «Kreditlər qapınıza gəlir» kredit yarmarkalarının keçirilməsinə başlayıb. Bu zaman müştərilərə daha rahat tərzdə xidmət göstərmək üçün bank xüsusi yaratdığı mobil ofisi vasitəsi ilə onların yaşayış yerlərində kredit sifarişlərinin qəbulunu təmin edir.

“Unibank”da istehlak kreditlərinin şərtləri və «Unidirect» xidməti haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla əldə etmək olar.

CAHANGİR





30/07/12    Çap et