Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan Marsa planetlərarası zond göndərməyi planlaşdırır


Hindistanlı alimlər Mars planetinə birinci missiyanın göndərilməsi üçün hökumətin icazəsini gözləyirlər. İcazə alındıqdan sonra 2013-cü ilin oktyabrında Mars planetinə planetlərarası zond göndəriləcək. Sözügedən zond qırmızı planeti orbitdən araşdıracaq.

“ICTnews.az” elektron xəbər xidməti “rnd.cnews.ru” saytına istinadən bildirir ki, layihə son təsdiqlənmə mərhələsindədir və  aparatın quraşdırılması və orbitə buraxılmasına 22,6 milyon dollar ayrılması haqqında qərarın təsdiqlənməsi gözlənilir.

Kosmik aparat orbitə Şrixarikota adasında yerləşən kosmodromdan Hindistanın “PSLV” raket-daşıyıcısı vasitəsilə  buraxılacaq. Hazırda Hindistanın “ISRO” kosmik agentliyi raketin mühərrikinin təkmilləşdirilməsi üzərində çalışır.

Hindistanın Mars planetinə orbital missiyası qırmızı planetdə həyat axtarışları, onun iqlimi və geologiyasının araşdırılmasına köklənəcək. Kosmik aparatda 9 ədəd elmi avadanlıq göndəriləcək, lakin hindistanlı alimlər qeyd ediblər ki, onların sayı çəkiyə qənaət edilməsi səbəbindən azaldıla bilər. Hələ ki Mars planetinə 25 kq ağırlığında elmi avadanlıq göndərmək planlaşdırılır.
 
EMİL





30/07/12    Çap et