Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əlilliyin müəyyən edilməsi üçün elektron qaydada müraciət olunacaq


Artıq əlillərin protez-ortopedik məmulatlar və ya reabilitasiya vasitələrinin təminatı üçün müvafiq qurumlara getməsinə ehtiyac yoxdur. Onların bu problemlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən göstərilən "Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu" e-xidməti aradan qaldıracaq. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi tərəfindən həyata keçirilən bu xidmət hazırda qismən avtomatlaşdırılıb: "15 iş günü ərzində icra olunan xidmətin nəticəsində vətəndaşlar əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təminatla bağlı elektron qaydada müraciət etmək və müvafiq cavab almaq imkanı əldə edəcəklər. Ödənişsiz olan bu xidmətdən Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər yararlana bilərlər.

Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı ilə bağlı məlumat əldə edilməsi  elektron xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi, Tibbi-sosial ekspert komissiyaları, Əlillərin Bərpa mərkəzləri, Protez-ortopedik bərpa mərkəzi tərəfindən qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə müraciət edən şəxsə yazılı məlumat verilir.

Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir". Müraciət edən şəxsin təqdim etdiyi sənədlərdə çatışmazlıq olduqda, qanunvericilikdə nəzərdə tutulan digər hallarda sorğunun yerinə yetirilməsindən imtina halları edilir və bu barədə müraciət edən şəxsə yazılı məlumat verilir".

Nazirlikdən bildirilib ki, artıq respublikanın regionlarında yaşayan əlil vətəndaşların protez-ortopediya məmulatları ilə təminatı onların yaşadıqları bölgədə səyyar şəkildə həyata keçirilir: "Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, ölkədə əlilliyi olan şəxslərin protez-ortopediya məmulatları ilə təmin edilməsi işləri ambulator, stasionar formada olmaqla yanaşı, səyyar formada da həyata keçirilir.

Belə ki, müxtəlif bölgələrdə yaşayan, dayaq-hərəkət sistemi pozulmuş, protez-ortopediya məmulatlarına ehtiyac duyan əlil şəxslər səyyar tibbi-texniki briqadalar tərəfindən yaşadıqları regionlarda protez-ortopediya və reabilitasiya xidməti ilə təmin olunurlar. İl ərzində Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 5500-dən çox əlil şəxsə, o cümlədən müxtəlif bölgələrdə səyyar formada 300 nəfərə yaxın əlil şəxsə protez-ortopediya xidməti göstərilir".


Həqiqət İSABALAYEVA





31/07/12    Çap et