Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” voleybol klubunun yeni baş məşqçisinin


Bu gün  “Park İNN-Azərbaycan” mehmanxanasında Bakının qadınlardan ibarət “Rabitə” voleybol klubunun yeni baş məşqçisinin təqdimat mərasimi olub.

Klubun prezidenti Cəlil Cəfərov komandanın heyətinə cəlb olunan yeni voleybolçulardan danışıb, “Rabitə Bakı”nın qarşıdakı mötəbər yarışlara hazırlıq planı haqqında məlumat verib. C.Cəfərov bildirib ki, avqustun 22-dən komandanın Bakıda təlim-məşq toplanışı başlanacaq.

Çempionlar Liqası yarışlarında mübarizə aparacaq komandanı bu turnirdən əvvəl daha məsuliyyətli bir sınaq gözlədiyini deyən C.Cəfərov, “Rabitə Bakı”nın oktyabrın 13-dən 19-dək Qətərdə klublararası dünya çempionatında iştirak edəcəyini, ötənilki turnirin qalibi olmuş klubun orada çox güclü rəqiblərlə üz-üzə gələcəyini vurğulayıb.  Bu turnirdə klubların heyətində Braziliya, İtaliya, Çin və digər yığma komandaların aparıcı oyunçularının iştirak edəcəyi nəzərə çatdırılıb.

Azərbaycan Super Liqasının gündən-günə gücləndiyini söyləyən C.Cəfərov “Rabitə-2” komandasının yaradılması istiqamətində işlərin görüldüyünü də bildirib. 

“Rabitə Bakı”nın yeni baş məşqçisi, italiyalı mütəxəssis Marçello Abbondanza komandanın güclü voleybolçulardan təşkil olunduğunu deyərək son transferlərdən danışıb. Çempionlar Liqası yarışlarının püşkatma mərasiminə münasibət bildirən baş məşqçi Polşanın “Atom” və İtaliyanın “Villa Kortese” komandalarını güclü rəqib adlandırıb. Çexiyanın “Agel” kollektivinin qrupdan çıxmaq  şanslarının az olduğunu qeyd edən  M.Abbondanza mötəbər turnirdə Rusiya və Türkiyə klubları ilə gərgin mübarizə gedəcəyini söyləyib. 

Komandaya yeni voleybolçuların cəlb olunacağını da bildirən  M.Abbondanza heyətdə Madeleyne Montano, Aurea Kruz, Yekaterina Zakrevskaya və Aleksandra Fomina kimi güclü idmançıların olduğunu diqqətə çatdırın.Sonda baş məşqçiyə klubun atributları təqdim olunub.





31/07/12    Çap et