Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur" - söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik hiss edilərdi: "Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin.
...Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun". Bütün mütəxəssislər, tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə olanlar bir məsələni həmişə tez-tez yada salırlar ki, Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi lazım bilirdi. Ulu öndər deyirdi: "Mən hər yerdə Azərbaycan dilində danışıram.
Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq". Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün var gücü və iradəsi ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpülər olması üçün əsl mübarizə aparmışdır.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndər Heydər Əliyevin çox müstəsna xidmətləri var. O böyük - unudulmaz insan həmişə dillə bağlı uzaqgörənlik edirdi. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"kı fərmanında deyilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.
Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir". Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim xalqlarından biridir. Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlamaqla duyduğumuz qürurun bir aləm mənası var: "Millətin milliliyini saxlayan onun dilidir".
Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 10 il tamamlanır ki, biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir.
Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır.
Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: "Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur". Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən asılıdır. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.
Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu.
Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında"kı sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".
Dəfələrlə müşahidə edilib ki, ölkə Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır.
Bu nümunədən, örnəkdən isə hamımız pay götürməliyik. Humanitar elmlərlə bağlı apardığı söhbətlərin birində milli-mənəvi dəyərlərimizə, ana dilimizə toxunaraq bir sıra təqdirəlayiq mədəni hadisələrdən söz açan Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq.
Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".
Prezident İlham Əliyev ötən il Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağındakı nitqində dil məsələsinə son dərəcə ciddiyyətlə önəm verərək ana dilimizin mühafizəsini elm xadimlərinin diqqətinə çatdıraraq bir daha təsdiqlədi ki, bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprel ayında respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Ağstafa şəhərindəki "Yazıçılar Evi"ndə bölgə ziyalıları ilə görüş zamanı mənəviyyat və dil məsələsinə yenidən qayıtması hamını dərindən düşündürməlidir. Cənab Prezidentin müdrik fikirləri çox məsələyə işıq saldı: "Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə ziyalılar, ədiblər, şairlər, eyni zamanda nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax, bu, məni çox incidir.
Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün? Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dil bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Xüsusilə gənclərimiz həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər.
Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir". Bu məqamla bağlı üzünü ziyalılara tutan Prezidentin bir istəyi də var. Onlar sözlərini desinlər. Təkcə öz əsərlərində, şeirlərində dili vəsf etməsinlər, telekanallarda, mətbuat səhifələrində dilin evini yıxan adamlara qarşı mübarizə aparsınlar.
Bu ciddi irad və tapşırıqdan sonra gözləmək olardı ki, dilçiliklə məşğul olan aidiyyəti orqanlar, dilçi alimlər, ədəbiyyatşünaslar, mütəxəssislər hər gün dillə bağlı üzləşdiyimiz qüsur və nöqsanlar haqqında öz qətiyyətli sözlərini deyəcəklər. Amma hələ də susqunluq davam edir. İş o yerə çatıb ki, özəl kanallar dil məsələsini şou-proqramlarına gətirərək lağlağılıq edirlər. Bir irad da olanda "demokratiyadır, mən bu cür danışıram" - söyləyirlər.
Ana dilimizi böyük ictimai-siyasi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun həyatımızın mühüm amili olduğunu diqqətə çatdıraraq bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulmasının adi hal aldığını göstərir. Həqiqətən də film dublyajından, tərcüməsindən başlayaraq küçə və meydanlardakı reklamlarda, afişalarda, mətbuat səhifələrində, telekanallarda Azərbaycan dilinin adi leksik və qrammatik qaydaları pozulur.
Dövlətin həyata keçirəcəyi bu mühüm sənəd dilçilik mədəniyyətimizin yeni üfüqlərini naxışlayır. Ölkə Prezidentinin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
01/08/12 Çap et