Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lerikdə daha bir POS-terminal qurulub
Lerikdə müasir poçt rabitəsinin əsası qoyulub. Poçtun bank və maliyyə xidmətləri göstərməsi, yeni xidmət növlərinin yaradılması və ucqar kəndlərdə POS-terminalların quraşdırılması bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Lerik Poçtamtının rəisi Baba Tağıyev bildirib ki, rayonun Çayrud kəndinin ardınca rayon mərkəzində də poçtun müştəri xidmətləri şöbəsində bankomat qurulub.
“Hazırda filialın kollektivi tərəfindən rayon əhalisinə 30-dan yuxarı xidmət növü üzrə poçt və bank maliyyə xidmətləri göstərilir. İlkin mərhələdə Mərkəzi Bank tərəfindən filialın tabeliyində olan 30 poçt şöbəsindən 16-na bu xidmətlərin göstərilməsi üçün müvafiq lisenziya verilib.
Texniki imkanlıq olan 11 poçt şöbəsində kompyuter avadanlıqları quraşdırılaraq mərkəzi serverə qoşulub. Bu şöbələr tərəfindən AKİS və KÖMİS sistemləri vasitəsilə vətəndaşlara, fiziki və hüquqi şəxslərə maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb.
Bu gün filial üzrə 15 nəfər fiziki şəxs, 1 hüquqi şəxs üçün hesab açılıb, bu hesablar üzrə aktiv əməliyyat aparılır. Bundan başqa filial üzrə mərkəzi serverə qoşulmuş poçt şöbələri tərəfindən “Atasığorta” və ”Atəşgah” sığorta şirkətləri ilə bağlanan müqaviləyə əsasən, icbari sığorta haqlarının, DYP-nin cərimə haqlarının, enerji, qaz haqlarının, mobil operatorların haqlarının qəbulu həyata keçirilir”.
B.Tağıyev daha sonra qeyd edib ki, filial üzrə müştəri xidmətləri və 4 poçt şöbəsində valyutadəyişmə əməliyyatı da həyata keçirilir. Eyni zamanda filial tərəfindən “WesternUnion” sürətli pul köçürmələrinin qəbulu və ödənişi həyata keçirilir.
Rəis daha sonra bildirdi ki, son illərdə milli üslubda tikilmiş və mebel dəstləri ilə təchiz olunmuş Kələxan, Osmalyan, Pirasora, Rvarud, Veri, Vizəzəmin, Günəşli, Vistən, Kirəvud, Şingədulan, Livədilə, Züvüc poçt şöbələrinin maddi-texniki bazası bank-maliyyə xidmətləri göstərilməsi üçün bütün tələblərə cavab verir.
Filialın kollektivi tərəfindən tarif gəlirinin artırılması üçün daim tədbirlər həyata keçirilir.
Əsas gəlir mənbələrindən olan şəhərlərarası və beynəlxalq danışıq haqlarının qəbulu, abunə, qaz, su haqlarının qəbulu daim nəzarətdə saxlanılır. Lerik Telekommunikasiya Qovşağı (TKQ) ilə Lerik Poçt Filialı arasında əməkdaşlığın məntiqi nəticəsi kimi hər ay poçt filialına təhvil verilən danışıq qəbzlərinin 97-98 faizi yığılaraq təyinatı üzrə köçürülür.
Bundan başqa kommersiya xidmətlərindən, bağlama, qiymətli banderol, moniqramların qəbulundan əldə olunan gəlirlərin artırılması üçün işlər aparılır. Daxil olan dövri mətbuatın, poçt göndərişlərinin nəzarət-keçid müddətində itkisiz olaraq ünvanları üzrə çatdırılması təmin edilir.
B.Tağıyev “Müştəri həmişə haqlıdır” şüarının onların gündəlik işində əsas deviz olduğunu söyləyib. İnsan faktorunu daim önə çəkən kollektiv daha böyük nailiyyətlər qazanmaq iddiasındadır.
Ümumilikdə qeyd etmək olar ki, bu il Lerik PF üçün çox uğurlu olub. Son illərdə respublikamızda rabitə sahəsində aparılan əsaslı islahatlar, bu sahənin yenidən qurulması, rabitə xidmətlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə görə yüksək həddə çatması, Bakı şəhərindən başlamış, ucqar dağ kəndlərinə qədər geniş diapazonda milli üslubda, müasir tipli yeni poçt şöbələri binaları tikilərək rabitəçilərin istifadəsinə verilməsi filialın kollektivini sevindirməklə bərabər, qarşılarına məsuliyyətli vəzifələr qoyub.
RƏVAN
01/08/12 Çap et