Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan spam mənbəyi olaraq qalır


"Kasperski Laboratoriyası”nın ekspertləri tərəfindən aparılan spam analizinin nəticələrinə əsasən, iyun ayında poçt trafikində lazımsız korrespondensiyanın (poçt ilə göndərilən məktublar) payı may ayı ilə müqayisədə 0,4% artıb və orta hesabla 83,3% təşkil edib.
Spamın mənbəyi yenidən Hindistan olub. Bütün lazımsız poçtun (spam) 16,35%-i (+5%-i) bu ölkə ərazisindən yayılır. Rusiya bu reytinqdə 7-ci yeri tutub və iyun ayında Rusiya ərazisindən yayılan spamın payı 0,7% azalıb. Eyni zamanda Rusiya poçt antivirusunun fəallığı üzrə lider qalmağa davam edir. "Kasperski Laboratoriyası” ekspertləri tərəfindən ən çox məhz rusiyalıların poçt qutularında zərərverici yerləşdirmələrlə (14,2%) olan məktublar təsbit edilir. Dünyada iyun ayında poçt trafikində belə məktubların ümumi payı keçən ayla müqayisədə 0,3% azalıb və 3,8% təşkil edib.
“Fişinq” məktublarının payı ümumi poçt axınında may ayı ilə müqayisədə dəyişməyib və 0,02% təşkil edib. İyun ayında onların əsas maraq obyekti “PayPal” və “eBay” olub. “Habbo” (+6,25%) və “Facebook” (+4,07%) sosial şəbəkələrinə “fişinq” hücumların payı əhəmiyyətli dərəcədə artıb. Bundan başqa, yaxın gələcəkdə ekspertlər spammerlərin “Google+” sosial şəbəkəsinə marağının artmasını proqnozlaşdırırlar.
İyun ayı spammerlərlə aktiv mübarizənin davamı olub. Belə ki, “Microsoft” şirkəti hələ mart ayında ABŞ xüsusi xidmət orqanları ilə birlikdə “Rustock” adlı botneti dayandırmağı bacarıb. Eyni zamanda Yaponiyada, bir sıra qanunverici təşəbbüslərin qəbulu nəticəsində, zərərverici proqramların yaradılması, yayılması, alınması və saxlanılması, həmçinin pornoqrafik spamın yayılması indi cinayət hesab edilir. Spammerlər öz hərəkətlərində istifadəçilərin geniş ictimai təsirə malik olan hadisələrə marağından istifadə edirlər. Məsələn, iyun ayında onlar istifadəçilərə Harri Potter haqqında son filmin seanslarına pulsuz bilet təklif ediblər. Xeyli miqdarda spam 2009-cu il iyunun 25-də, Maykl Ceksonun ölümünün ildönümündə göndərilib.




15/07/11    Çap et