Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Göyçayın 16 kəndində NGN tipli stansiya qurulub


“Aztelekom” İB tərəfindən Göyçayda rabitə şəbəkəsinin ən müasir NGN texnologiyası əsasında tamamilə yenidən qurulması ilə rayon rabitəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Göyçay Telekommunikasiya Qovşağının rəisi İslam Əliyev “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, hazırda şəhərdə mərkəzi stansiyadan başqa 16 kənd və qəsəbədə Sloveniyanın “İskratel” şirkəti istehsalı olan  NGN texnologiyalı ATS-lər mövcuddur.

Bundan başqa  rayonun 10 kəndində Türkiyənin “KAREL” şirkətinin istehsalı olan stansiyalar qurulub. Göyçay rayonu üzrə mərkəzdə və kəndlərdə stansiyaların birləşdirici xətləri optik kabellərlə təmin olunub ki, bu da sakinlərə keyfiyyətli telefon rabitəsi xidməti ilə yanaşı, bütün multimedia xidmətlərinə çıxışın təmin olunması deməkdir.

Hazırda rayonda “DATA Plus” MMC və “Aztelekom.net” internet provayderlərin abunəçilərinin sayı durmadan artır.   Rayonun mərkəzi məktəblərində şagirdlərin maariflənməsi məqsədilə mərkəzi ATS-də Azərbaycan Elm və Təhsil Şəbəkələri Assosiasiyasının “Azedunet”in transmissiya avadanlığı quraşdırılıb və onun köməyi ilə məktəblərin beynəlxalq internet şəbəkəsinə çıxışı təmin edilib.

Qeyd edək ki, rayon şəbəkəsinin müasir texnologiya əsasında qurulması digər qurumların da modern xidmətlərlə təmin olunmasına şərait yaradır. Belə ki, Beynəlxalq Bank, Rayon Polis Şöbəsi, Tədris Mərkəzi, Rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi, 9 saylı ərazi Vergilər İdarəsi və  “AzNar” şirkəti mərkəzi ATS-ə optik kabel vasitəsi ilə qoşulub.





01/08/12    Çap et