DSMF tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (
www.sspf.gov.az,
www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Sorğu zamanı respondentlərə “Dövlət Sosial Müdafiə Fondunun internet saytı vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə edirsinizmi” sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin çoxu - 57,27 faizi suala “bəli”, 42,73 faizi isə “xeyr” cavabını verib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Fonddan qeyd edilib ki, sorğunun keçirilməsində başlıca məqsəd əhalinin DSMF tərəfindən göstərilən elektron xidmətlər barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və bu istiqamətdə təbliğat işlərini gücləndirməkdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində fond tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb.
Fondun rəsmi internet səhifəsində yaradılan elektron xidmətlər bölməsində aidiyyəti üzrə göstərilən xidmətlərin adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron forması yerləşdirilib, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib. “Elektron xidmətlər” bölməsi interaktiv və informativ olmaqla 20-yə qədər xidməti əhatə edir.
Göstərilən xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə etmək və s. bu kimi imkanlar yaradır.
Hazırda fond tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Xüsusilə, pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür.
HƏQİQƏT