Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aleksandr Qraham Bellin vəfatından 90 il ötür


Bu gün telefonu kəşf edən Aleksandr Qraham Bellin vəfatından 90 il ötür. 3 mart 1847-ci ildə Şotlandiyanın Edinburq şəhərində doğulan Aleksandr Qraham Bell sənayeçi olsa da, telefonu icad edən şəxs kimi tanınır. O, telefonu kəşf etmək barədə 7 mart 1876-cı ildə patent alıb, 1 il sonra isə ilk telefon şirkəti olan “Bell Telefon” şirkətini qurub.

Qeyd etmək yerinə düşər ki, 136 yaşı olan həmin şirkət hazırda ABŞ-ın ən böyük telekommunikasiya şirkətlərindən biridir. Qraham Bell bundan başqa fonoqraf üçün 1, hava gəmiləri üçün 5, hidrotəyyarələr üçün 4 və selenium piller üçün də 2 patentə, ümumilikdə isə 13 patentə sahibdir. Maraqlı bir faktı qeyd edək ki, Bellin anası kar olub.

Atası və babası isə illərlə kar və lalların problemləri ilə məşğul olub və onlara təhsil veriblər. Bu səbəblə Bell kiçik yaşlarından etibarən sonradan onun kəşfində çox böyük yardımçısı olan “səs” sahəsi üzrə geniş məlumatlar əldə edib.

O, səs sahəsində daha geniş araşdırmalar apararaq bir dalğa üzərində eyni zamanda yalnız bir məktubun ötürülməsi probleminə çarə tapıb və nəticədə telefonu da kəşf edib. İndi onun kəşfi sayəsində dünyada min kilometrlərlə uzaqlıqdakı insanlar bir-biri ilə əlaqə yarada bilirlər. Aleksandr Qraham Bell avqust 1922-ci ildə Kanadanın Beddek şəhərində vəfat edib. Hazırda onun ölümündən 90 il ötür.

RƏVAN





03/08/12    Çap et