Əməkdar rabitəçi Tərlan Mehdiyev: “Bu sənəti sevdinsə, “xroniki xəstə” olursan”
Bəzən sözlərin "susduğu", zamanın belə aciz qaldığı məqamlarda keçmişi canlandırmaq, yaşananları təkrar dilə gətirmək üçün bir şəkil də yetərlidir. Qəzetimizin ötən sayının son səhifəsində 1969-cu ilə aid, "Telefontikinti ittifaqı RMİ-nin mühəndis-sazlayıcısı Tərlan Mehdiyev və texnik Q.Petrova avtomat telefon stansiyasının işini həyata keçirdikləri zaman" adı ilə "Fotoarxiv"də verilən foto da səssiz ötüşmədi. Redaksiyamızın qonağı olan rabitə ustası, əmək veteranı, bu yaxınlarda 70 yaşı təntənəli qeyd edilərək istirahətə göndərilən Tərlan Mehdiyev bir şəklin tarixçəsi ilə başlayıb, ötən günlərin izi ilə davam edən söhbətimizə körpünü rabitəyə ilk gəlişindən saldı:
"Qarşıma tresti milli kadrlarla təchiz etmək məqsədi qoydum"
1942-ci ildə Quba şəhərində dünyaya gəlmişəm. 1958-ci ildə Qubada beynəlmiləl sayılan 1 saylı orta məktəbdə təhsilimi başa vurub, sənədlərimi 1960-cı ildə Azərbaycan Sənaye İnstitutunun "Avtomatik elektrik rabitəsi" ixtisası üzrə vermişəm. Orada bir il oxuduqdan sonra Azərbaycan Politexnik İnstitutuna (APİ) keçmişəm. 1965-ci ildə APİ-nin "Avtomatik elektrik rabitə mühəndisi" ixtisasına yiyələnmişəm. Həmin ildə Azərbaycanda rabitəçi-mühəndis ixtisası üzrə ilk məzun buraxılışı idi. Qrupumuzda cəmi 18 nəfər vardı. Ali məktəbi bitirdikdən sonra təyinatla Qazaxıstanın Çimkənd şəhərində Elmi-Tədqiqat İnstitutuna göndərildim. Bir müddət orada qaldıqdan sonra hesab etdim ki, fəaliyyətim öz respublikama daha çox lazımdır və Azərbaycana qayıtdım.
1966-cı ildə Ümumittifaq Rabitə Tikinti Trestinin Bakı İdarəsinə tənzimləyici mühəndis vəzifəsinə təyin olundum, 1968-ci ilə qədər bu vəzifəni icra etdim. Əslində, 1966-cı ildə institutu bitirdikdən sonra məni istismar sahəsinə göndərirdilər. Amma az maaş olmasına baxmayaraq, tikinti-quraşdırma işlərində çalışmağa üstünlük verdim. İstəyirdim ki, öz əlimlə Avtomat Telefon Stansiyaları (ATS) tikib quraşdırım, daha sonra onun istismarı ilə məşğul olmaq asandır. İlk iş yerim Bakı şəhərində ATS-93 olub.
Daha sonra tənzimləyici mühəndis kimi Masallı, Lənkəran, Mardakert, Stepanakertdə, Bakı şəhərində isə 64, 31, 21 kimi ATS-lərin tikinti və quraşdırılmasında iştirak etmişəm. 1969-cu ildə ümummilli liderimiz hakimiyyətə gələn zaman gənc milli kadrların seçimi ilə əlaqədar 27 yaşımda "Azər-rabitə" İnşaat Trestinə baş mühəndis təyin olundum. Həmin trestin tərkibinə respublikada rabitənin bütün sahələri üzrə təmir-tikinti işləri aparan 12 təşkilat daxil idi. Həmin illərdə Azərbaycanda, o cümlədən Bakıda ATS-lərin, rabitənin geriliyini nəzərə alaraq, ulu öndərimizin imzaladığı sərəncam əsasında Bakı şəhərində tikilən ATS-lərin direksiyası yaradıldı. Onda - 1975-ci ildə "Azər-rabitə" İnşaat Trestinin rəisi işləyirdim.
Oradan göndərişlə həmin direksiyaya direktor təyin olundum. O illərdə Bakıda yaşanan gerilik üzündən əhali 20-25 il telefon növbəsində dayanırdı. Beləliklə, rəhmətlik rabitə naziri Nəsrulla İbrahimoğlunun rəhbərliyi ilə Azərbaycanda güclü təkamül dövrü başladı. Direksiyanın vəzifəsinə Bakıda tikilən ATS-lərin binaları, onların layihələndirilməsi, maliyyələşdirilməsi, avadanlıqla təchizatı daxil idi. 1980-ci ilə qədər direksiyada direktor işlədim və o dövrdə ancaq Bakı şəhəri üzrə 137 min nömrə tutumlu stansiya istifadəyə verildi.
Oradakı fəaliyyətimi nəzərə alaraq, məni 1980-ci ildə SSRİ-nin tabeliyində olan trestin Bakı idarəsinə rəis təyin etdilər və 1986-cı ilə qədər rəis işlədim. O dövrdə 260 min nömrə tutumundan çox Bakı və respublikanın rayonlarında, eyni zamanda da xarici ölkələrdə ATS-lər tikib istismara verdik. Rəis təyin olunduğum zamanlarda burada 10 faiz milli kadr, 90 faiz isə qeyri-millətlərin nümayəndələri idi. Qarşıma milli kadrlar yetişdirərək, tresti milli kadrlarla təchiz etmək məqsədi qoydum.
Milli kadrları başqa ölkələrə ezamiyyətə göndərirdim. Hərbi xidmətdən qayıdan gəncləri işə cəlb edir, sənət öyrədib maaş verir, yataqxana ilə təmin edirdim. İnstituta qəbul ola bilməyən gənc qızları da yataqxana ilə təmin edib, təqaüd verərək, montaj stansiyalarının quraşdırılmasına cəlb edirdik. Bu minvalla, artıq faizlər dəyişdi, mən idarədən gedəndə orada 90 faiz milli kadr, 10 faiz isə qeyri-millətlər idi. Daha sonra 1989-cu ildən 2000-ci ilə qədər "Azərpoçt"da baş direktor müavini işləmişəm. Son iş yerim "Azərpoçt"da məsləhətçi vəzifəsi olub, oradan da təqaüdə yola salınmışam.
Bir sözlə, kabel qaynaqçısı, sonradan ATS-lərdə tənzimləyici kimi başlayan iş fəaliyyətim ancaq rabitənin tikilib-yenidən qurulmasına və inkişafına həsr olunub. 1960-cı ildən 1997-ci ilə qədər sırf avtomatik elektrik rabitənin inkişafı, layihələndirilməsi, təchizatı, tikilib-quraşdırılması, istismara verilməsi, eyni zamanda, 1989-cu ildən 2012-ci ilə qədər poçt rabitəsi sahəsində xidmətlərim olub. Həyatımın ən uğurlu, məhsuldar dövrü isə 1969-cu ildir. Həmin il mənə həm mənzil, həm vəzifə veriblər, həm də evlənmişəm. Respublikada ilk buraxılış rabitəçi-mühəndislərdən sayılan həyat yoldaşımla bir yerdə oxumuşuq, əmək fəaliyyətinə də bir yerdə başlayıb, ailə qurmuşuq.
"Yerli əhali təəccüblə maraqlanırdı ki, bu qədər naqil arasında insanlar necə baş çıxarır"
Hər şey bir şəklin tarixçəsindən başladı. Qəzetimizdə gedən fotoarxiv materialı nələri yadınıza saldı?
- O vaxt rayonlarda demək olar ki, ATS-lər yox idi, hamısı kommutatorla işləyirdi. Lənkəranda kommutator sisteminin əvəz edilib, yeni ATS qurulması ilə əlaqədar layihə-smeta sənədləri hazırlandı və orada 3 min nömrə tutumlu ATS-in tikintisinə başlandı. Digər rayonlarda işimi bitirdikdən sonra mən də buraya ezam olundum. Bu, yenilik idi - Lənkəranda ilk dəfə olaraq Avtomatik Telefon Stansiyası qurulurdu. Doğrudan da, yerli əhali təəccüblə qarşılayaraq, gəlib maraqlanırdı ki, bu nə olan şeydir, bu qədər naqil arasında insanlar necə baş çıxarır, bir insan digəri ilə kommutatorsuz, telefonçunun köməyi olmadan, avtomatik olaraq necə əlaqələndirilir. Orada çox maraqlı iş həyatı keçirdik. Şəkildəki texnik xanım da Ryazandan ezam olunmuşdu. Hər birimiz ayrı-ayrı qurğunu tənzimləyirdik. Yeniliyi əks etdirdiyi üçün bu şəkillər "Vışka", digər qəzetlərdə də çıxmışdı.
"Betonu vertolyotla dağın başına çıxarırdıq"
İş prosesindən hansı hadisələr yaddaşınızda iz buraxıb?
- Həyatımda rabitə ilə bağlı çox maraqlı hadisələr olub. "Azərrabitə" İnşaat Trestində işlədiyim vaxtlarda respublikanın Mərkəzi Radio Stansiyasının Pirsaata köçürülməsi bizə tapşırılmışdı. Orada mürəkkəb avadanlıqları olan çox unikal radiostansiya tikirdik. O vaxt Azərbaycanda ilk dəfə rayonlarda televiziya yarımstansiyaları da qurulurdu. Biz 73-74-cü illərdə Şəkiyə ötürücü verməkdən ötrü passiv ötürücünü Mingəçevirdə dağın başında qurmalı idik, ora isə heç bir nəqliyyat növü qalxmırdı. O vaxt vertolyot sifariş etmişdik. Aşağıda betonu hazırlayıb vertolyotla dağın başına çıxarıb, antena üçün bünövrə qoyurduq. Antenanın dəmir-metal konstruksiyasını da aşağıda quraşdırıb, vertolyotla dağa qaldırırdıq. O vaxt bu da yenilik olduğu üçün "Vışka" qəzetində "Vertolyot-storitel" başlıqlı məqalə getmişdi. Başqa maraqlı hadisə - İtaliya şəhərlərindən biri ilə Bakı arasında qardaşlaşma görüşü keçirilirdi.
Bundan ötrü kabellə ATS-71-ə rabitə vermək üçün bulvarımızın başından sonuna qədər yeraltı telefon kanalizasiyası tikilməli idi. Biz orada 3 növbəli iş təşkil edib, 2400 metr uzunluğunda məsafədə gecə-gündüz çalışaraq, çəkilişi yekunlaşdırdıq. Yaddaqalan hadisələrdən biri də aeroport yolu ilə bağlıdır. "Əzizbəyov" metrosundan Sabunçu dairəsinə qədər yol həmişə suyun altına qalırdı. Belə şəraitdə orada 2 km yarım məsafədə telefon kanalizasiyası tikmək tələb olunurdu. Bunu da gecə-gündüz işləyib çatdırdıq. Bundan başqa, "Fəhlə" prospekti adlandırdığımız küçədə başdan-ayağa telefon kanalizasiyası tikmək çox mürəkkəb idi. Çünki zavodlar dağılmışdı, neft-qaz və digər xətlərin keçdiyi bu yerdə yeraltı kommunikasiyalar heç kimin layihəsində yox idi.
Çox çətinliklə olsa da, biz o telefon kanalizasiyasını da vaxtında təhvil verdik. 73-74-cü illərdə baş mühəndis işlədiyim vaxtlarda yeraltı Naxçıvan-Culfa-Ordubad kabel magistralı çəkirdik. O magistral üzrə kabeli yerin altında qoymaq məqsədilə Naxçıvandan Culfaya, Culfadan Ordubada 40 km-lərlə məsafəni piyada gəzmişəm.
"Güclə bu sənətə yiyələnmək olmur"
Hər bir sahənin, peşənin, sənətin özünəməxsusluqları var. Rabitə sahəsinin, rabitəçilərin özəllikləri nədir?
- Rabitəçi peşəsi çox məsuliyyətlidir. Rabitədə səhv etmək olmaz. Məsələn, poçt sahəsi pul sənədləri ilə işləyir. Pul səhvi artıq cinayətdir. Elektrik rabitəsində elektriklə işləyirsən, mənfinin yerinə müsbət qoysan, qısaqapanma yaranacaq. Bu sənəti sevib gəlmək lazımdır. Güclə bu sənətə yiyələnmək olmur. Bu sənəti sevdinsə, "xroniki xəstə" olursan və bu "xəstəlik"dən qurtula bilmirsən. Həmkarlarımdan biri Qaxda poçt rəisi işləyirdi. Sovet hökuməti dağılanda maaşın çoxluğunu əsas gətirib kolxoz sədri oldu. Bir müddət keçəndən sonra gördüm ki, rabitəyə qayıdıb. Deyirəm, nə oldu? Deyir, rabitə bir xəstəlikdir, qurdu nə qədər yemləyirsən, yenə bir gözü meşədə qalır. Ona görə də rabitəni sevdinsə, daha ondan ayrıla bilmirsən.
Daim təcrübəyə ehtiyacı olduğundan gənc nəsli yaşlı nəsildən izolə etmək olmaz
Rabitə elə sahədir ki, texnologiyalar sürətlə dəyişir. Belə fikir var ki, texnologiyaları gənc nəsil yaşlı nəsildən daha yaxşı mənimsəyir. Sizin fikriniz necədir?
Yaşlı nəsillə gənc nəsil arasında bir uçurum var. Gənc nəslin daim təcrübəyə ehtiyacı olduğundan yaşlı nəsli onlardan izolə etmək olmaz. Bir var idarəetmə, bir də var ki, icraçı. Bəlkə də icraçı kimi yaşlı nəsil fiziki baxımdan yorğunluq hiss edir, ola bilsin ki, bugünkü texnologiyalarla ayaqlaşa bilmir. Amma onun həyat, iş təcrübəsi daha yüksəkdir. Ona görə də ömrüboyu deyiblər ki, yaşlı nəsillə gənc nəsil paralel getməli, estafeti gənc nəslə verməlidir.
"Üçümüzün birlikdə 120 illik rabitə stajımız var"
Daim iş başında olmusunuz. Qısa zaman keçsə də, istirahətdə olan veteran rabitəçi kimi özünüzü indi neçə hiss edirsiniz?
Artıq istirahətə yola salınsam da, öz idarəmlə, Veteranlar Şurası ilə əlaqəni kəsmirəm. Mən fiziki olaraq işdən ayrılmışam, fikrim ruhən öz sənətimə bağlıdır. Nə vaxt lazım olsa, rabitənin bütün strukturları ilə bağlı öz məsləhətlərimi verə bilərəm. Evdə oturmuram, fəal həyat sürməyi xoşlayıram. Bağ sahəmdə bağçılıqla məşğul oluram. Nəvələrimlə vaxt keçirirəm. Ailəmdə yolumu davam etdirənlər də var. İşini tənzimləyici kimi başlayan oğlum da rabitəçidir. Yoldaşım, özüm və oğlumun –üçümüzün birlikdə 120 illik rabitə stajımız var. Bu qədər staj heç bir rabitəçi ailəsində yoxdur.
- Mütaliəyə vaxt ayıra bilirsiniz?
- Daim "Rabitə dünyası" qəzetini izləyirəm. Son vaxtlar çox maraqlı olub. Həm dünyəvi, həm də respublika daxilində gedən prosesləri işıqlandırır. Respublikanın mərkəzi qəzetlərini də mütaliə edirəm. Ümumiyyətlə, daha çox rabitə sahəsi ilə bağlı məlumatları oxuyuram.
Həqiqət İSABALAYEVA