Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələrdə sənətkarlarla bağlı kulturoloji-fəlsəfi müzakirələr aparılacaq
Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) “Yeni Yazarlar” ədəbi-kulturoloji kurs çərçivəsində növbəti tədbirini – “Nəsimi: inqilabçı hürufi, ateist, filosof, şair, yoxsa?..” mövzusunda kulturoloji-fəlsəfi məclis keçirib. Müzakirə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Azərbaycan Gənclər Fondunun qismən maliyyələşdirdiyi, YYSQ tərəfindən həyata keçirilən “Gənc yazarların İnternet ədəbiyyatı resursunda e-kitabla iştirakı təlimi” kulturoloji-innovativ layihəsi çərçivəsində təşkil olunub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə YYSQ-nun Analitik-informasiya qrupundan məlumat verilib. Mənbədən qeyd edilib ki, YYSQ sədri, kursun ümumi rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) kulturoloji layihə haqqında gənc yazarlara geniş açıqlama verib.
Kursun dinləyiciləri və mütəxəssislərin iştirak etdiyi məclis qızğın müzakirələrlə keçib: “Yekdil fikrə görə, Azərbaycan ictimai-mədəni fikrinin böyük simalarından sayılan Nəsimidən öyrəniləsi, müasir cəmiyyətimizə tətbiq ediləsi çoxsaylı analitik-intellektual amillər, məsələlər var.
Qərara alındı ki, bu tipli diskussiya və kulturoloji-fəlsəfi müzakirələr mütəmadi təşkil olunsun, müxtəlif sosial şəbəkələrdə, internet resurslarında virtual variantda davam etdirilərək başqa dahi sənətkarların da yaradıcılığına nəzər salınsın”.
Qeyd edək ki, “Yeni Yazarlar” ədəbi-kulturoloji kursu Azərbaycan Yazıçılar Birliyi ilə YYSQ tərəfindən gənc yazıçılar üçün təşkil olunub.
HƏQİQƏT
06/08/12 Çap et