Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan şirkəti Qırğızıstanın vergi sistemini informasiyalaşdırır


Azərbaycanın SİNAM şirkəti 2011-ci ilin sonunadək Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətində (DVX) inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanması və quraşdırılmasını yekunlaşdıracaq. Proqram təminatının tətbiqi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Vergi inzibatçılığında islahat və modernləşdirmə" layihəsi çərçivəsində həyata keçiriləcək.
Proqram təminatı Qırğızıstanın Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və bütün ölkənin rayon vergi müfəttişliklərində quraşdırılacaq. Tətbiq edilən informasiya sistemi 11 moduldan ibarətdir ki, onların da hər birisi bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək. Hazırda modulların əksər hissəsi üzrə yoxlama işləri tam yekunlaşdırılmışdır. Bundan əlavə, Dövlət Vergi Xidmətinin yeni veb-saytı yaradılmışdır.
Ən yaxın zamanda hazır modulların üç seçilmiş inzibati rayonlarda pilot tətbiqi gözlənilir. Gələcəkdə Azərbaycan İT mütəxəssisləri Qırğızıstanın Dövlət Vergi Xidmətinin icra qrupunu hazırlaşdıracaqlar. Həmin qrup işçi modulların ölkənin digər inzibati rayonlarında tətbiq edilməsilə müstəqil şəkildə məşğul olacaq. Qeyd etmək lazımdır ki, tenderin final mərhələsində Azərbaycan şirkəti e-hökumət üçün analoji sistemlərin işlənib hazırlanması üzrə dünyanın aparıcı şirkətlərindən olan “FreeBalance” (Kanada) şirkətini arxada qoya bilmişdi.




15/07/11    Çap et