Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
NASA Marsda həyat axtarmağa davam edir
NASA-nın Marsa göndərdiyi "Curiosity" ("Maraq") adlı yeni tədqiqat aparatı qırmızı planetin Qeyl krateri ərazisində səthə enib. Aparat öz hədəfinə 8 ay ərzində 566 milyon kilometr məsafə qət etdikdən sonra çatıb. Aparatın Qeyl kraterinə enməsi NASA əməkdaşları tərəfindən sevinclə qarşılanıb.
NASA-nın Mars proqramının rəhbəri Duq Makkviston mütəxəssislərin aparatın vəziyyətini və trayektoriyasını diqqətlə izlədiklərini bildirib.
Marsı tədqiq edən aparatların üçüncü nəslinin nümayəndəsi sayılan "Curiosity" qırmızı planetin hansı hissəsində həyat olduğunu yaxud ola biləcəyini araşdıracaq. Qeyd edək ki, "Curiosity" aparatı kiçik avtomobil ölçüsündədir və ağırlığı 899 kiloqram təşkil edir.
Aparatın enerji mənbəyi onu 14 il enerji ilə təmin etmək qabiliyyətinə malik olan radioizotop termoelektrik generatordur. "Curiosity"nin qırmızı planetdə missiyası 1 Mars ili, yəni 687 gün olacaq.
Aparatın missiyası NASA-ya 2,5 milyard dollara başa gəlib.
07/08/12 Çap et