ƏƏSMN-də elektron imzaların alınması işi yaxın vaxtlarda başa çatdırılacaq
Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərmanının 3.1.-ci bəndində elektron xidmətin təkmilləşdirilməsi məqsədi ilə dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işinin təşkil olunması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsinin müdir müavini, elektron xidmətlər üzrə İşçi Qrupunun rəhbəri Asif Əbdüləzimov “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, nazirliyin elektron xidmətlərin həyata keçirilməsinə məsul əməkdaşlarının hər biri, o cümlədən yerli struktur bölmələrinin əməkdaşları üçün elektron imza sertifikatlarının alınması işləri davam etdirilir.
Yaxın müddətdə bu işlərin başa çatdırılması nəzərdə tutulur: “Qeyd edək ki, elektron imza informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyalara əlavə edilməklə, yaxud onlarla məntiqi əlaqəli olaraq, imza sahibini identikləşdirməyə imkan verən informasiya vasitəsidir. İmza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza - gücləndirilmiş elektron imza adlanır. Elektron imza sahibi isə öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir.
Ölkə qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir”.
Asif Əbdüləzimov artıq nazirliyin rəsmi internet informasiya resursunun (
http://www.mlspp.gov.az/) «Elektron xidmətlər» bölməsində nazirlik tərəfindən göstəriləcək 12 növ elektron xidmətin əksini tapdığını deyərək bildirib ki, onlardan 8 xidmət növünün ilkin versiyaları artıq fəaliyyət göstərir.
Bunlar «Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu», «Peşə seçimi ilə bağlı onlayn testləşdirmə», «Məşğulluq orqanları vasitəsilə iş axtarışı», «İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru», «Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu», «Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator», «İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi», «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu» e-xidmətləridir.
HƏQİQƏT