Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kamal Abdullayev: “Dilçi alimlərin müasir İKT-nin imkanlarından geniş istifadəsi vacibdir”
Dilçi alimlərin müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəsi vacibdir.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bunu AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında imzaladığı sərəncamın icrası ilə əlaqədar yaradılmış İşçi Qrupunun yekun iclasında bölmənin akademik katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev deyib.
O, İşçi Qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib və iclasın dilçiliyin inkişafına dair Dövlət Proqramının son variantının ilkin müzakirəsinə həsr olunduğunu bildirib.
Dövlət Proqramında dilçiliyin inkişafı istiqamətində qarşıya qoyulan məsələlərə toxunan K.Abdullayev Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi, ədəbi dil normalarının işlənib hazırlanması ilə yanaşı, dilçi alimlərin müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəsinin vacibliyini önə çəkib.
Müzakirələrdə iştirak edən akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Tofiq Hacıyev, Nizami Cəfərov, professor Fəxrəddin Veysəlli, filologiya üzrə elmlər doktoru Yusif Seyidov və başqaları Dövlət Proqramının mətni ilə bağlı çıxış ediblər, irad, rəy və təkliflərini bildiriblər.
CAHANGİR
08/08/12 Çap et