Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“GoMap.az” internet resursunun mobil versiyası hazırlanıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Sinam” şirkəti tərəfindən hazırlanan və 2011-ci ildən istifadəyə verilən “GoMap.az” onlayn naviqator portalına hər gün 5 mindən çox istifadəçi daxil olur.
“GoMap.az” layihəsinin meneceri Xaqani Nəsibov bildirib ki, portal Azərbaycanın bütün sahələrini, o cümlədən turizm sahəsini əhatə edir. Portalda obyektlərin böyük kataloqu yerləşdirilib. Kataloqda Azərbaycan ərazisində olan 70 minə yaxın obyekt vardır. İstənilən obyekti kataloqdan axtarıb tapmaq, onun haqqında məlumat almaq mümkündür.
Bunu həm portalın axtarış hissəsində obyektin adını yazmaqla, həm də “Müəssisələrin kataloqu” funksiyasını işə salmaqla etmək olar. Məsələn, Azərbaycanın və yaxud Bakı şəhərinin hər hansı bir rayonunda olan bankomatları, bankları, mağazaları, dayanacaqları və s. bu qayda ilə tapmaq mümkündür. Eyni qayda ilə şəhər sakini öz yaşadığı ünvanın yaxınlığında olan istənilən obyekt barədə məlumat ala bilər.
Layihə menecerinin sözlərinə görə, hazırda Gürcüstanın ərazisi də daxil olmaqla, sistemdə 90 mindən çox obyekt haqqında məlumat almaq mümkündür. Qonşu ölkənin ərazisi, yolları barədə məlumat burada yerləşdirilib. Gürcüstanın 9 böyük şəhəri barədə isə ünvan məlumatları vardır. Gələcəkdə razılaşma əldə edilərsə, Türkiyə və Orta Asiya respublikalarını, hətta İranı da bu xəritəyə əlavə edəcəyik.
Portala dünyanın, demək olar ki, hər yerindən müraciət edənlərin olduğunu deyən Xaqani Nəsibov Türkiyə, Rusiya, Böyük Britaniya və digər ölkələrdən istifadəçilərin sayının gündən-günə artdığını vurğulayıb.
Layihənin meneceri maraqlı bir məlumatı da diqqətə çatdırıb ki, “GoMap.az” internet resursunun mobil versiyasının texniki şərti də hazırlanıb. Yaxın vaxtlarda portalın mobil versiyası da istifadəyə veriləcək. Bundan sonra mobil qurğular, telefonlar və s. vasitəsilə də portaldan istifadə mümkün olacaq. Bu zaman istifadəçilərimizin sayı daha da artacaq.
RƏVAN
09/08/12 Çap et