Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qiymətli kağızların buraxılışına beynəlxalq eyniləşdirmə kodunun verilməsi təmin olunub


“Azərbaycan Respublikasında buraxılan qiymətli kağızlara beynəlxalq eyniləşdirmə kodunun verilməsi haqqında” qaydalar təsdiq olunaraq, Qiymətli kağız buraxılışlarının dövlət qeydiyyatı ilə sinxron olaraq beynəlxalq kodların (İSİN) verilməsi prosesinə başlanılıb. Belə ki, hər bir qeydiyyata alınan korporativ qiymətli kağızların buraxılışına beynəlxalq eyniləşdirmə kodunun verilməsi təmin olunub.

 “ICTnews” elektron xəbər xidmətinə bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Komitədən bildirilib ki, Azərbaycanda emissiya edilən bütün investisiya qiymətli kağızlarına Milli Nömrələyici Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələrinin - İSİN kodlarının verilməsi komitənin qərarı ilə təsdiqlənən “Dövlət istiqrazlarının emissiyası və tədavülü” Qaydalarına uyğun aparılıb: “ Bu qaydalar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Qaydalarda dövlət istiqrazlarının buraxılışlarının qeydiyyatının sadələşdirilməsi və hər bir istiqraz buraxılışına Milli Nömrələyici Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi nəzərdə tutulub ki, bu da öz növbəsində Azərbaycan dövlət qiymətli kağızları barədə geniş investor kütləsinə məlumatların yayılmasına və bu alətə marağın artmasına imkan verəcək”.

 Bundan başqa, “Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında Qaydalar”, “İnvestisiya qiymətli kağızlarının emissiyası” qaydaları, “Qiymətli kağızlar ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi” qaydaları, “Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin həyata keçirilməsinə dair” tələblər və “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, habelə investisiya fondları və lotereya təşkilatçısı tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” qaydaları təsdiq olunaraq hüquqi aktların dövlət reyestrinə daxil edilib.
 
HƏQİQƏT
 





10/08/12    Çap et