Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə 666 milyon unikal İP ünvan fəaliyyət göstərir


"Akamai Technologies"-in bu gün dərc etdiyi "State of Internet" rüblük hesabat məlumatlarına əsasən, "Akamai" şəbəkələri internetdə 238 ölkəyə məxsus 666 milyon unikal İP ünvan qeyd ediblər. Bu göstərici 2011-ci ilin dördüncü rübü ilə müqayisədə 6 faiz çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, İP ünvanların təxminən 66 faizi 10 ən inkişaf etmiş ölkənin payına düşüb. Bu, ötən rüblə müqayisədə 1 faiz azdır. "Akamai" şirkəti, həmçinin "IPv6" şəbəkələrdə fəallıq qeydə alındığını bildirib. "Akamai" şirkətinin dərc etdiyi hesabatın bir bölməsi də haker hücumlarına həsr edilib.

Hücumların sayı 1 il ərzində artıb. Şirkətin verdiyi məlumata görə, "Akamai" şəbəkələri və onun müştərilərinə edilmiş haker hücumlarının təxminən 42 faizi Asiya-Sakit okean regionu, 35 faizi Avropa, 21 faizi Şimali və Cənubi Amerika regionunun payına düşüb. Hücumların cəmi 1.5 faizi Afrikanın payına düşüb. Ölkələr üzrə nəticə aşağıdakı kimidir: 1. Çin – 16 faiz; 2. ABŞ – 11 faiz; 3. Rusiya – 7 faiz; 4. Türkiyə - 5,7 faiz; 5. Rumıniya – 3 faiz; 6. Almaniya - 1,9 faiz.

EMİL




10/08/12    Çap et