Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkədə yeni telekanal açılacaq


Azərbaycan diasporunun yeni televiziya kanalının açılması planlaşdırılır. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə mətbuata “Azərbaycan dilinin inkişafı”na dair dövlət proqramını hazırlayan işçi qrupundan xəbər verilib.

Yeni televiziyanın açılması "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının tədbirlər planında öz əksini tapıb. Sözügedən kanala dünyanın hər bir ölkəsindən baxmaq mümkün olacaq. "Beləliklə, xaricdə yaşayan bütün həmvətənlərimiz Azərbaycan haqqında bir televiziya kanalından məlumat ala biləcək, məskunlaşdığı yerdən asılı olmayaraq, digər ölkələrdəki həmvətənlərimiz barədə, onların fəaliyyətindən xəbərdar olacaqlar", - işçi qrupundan bildirilib.

Bu məsələ dövlət proqramının digər bəndi - Azərbaycan dövlətinin xarici siyasətində dillə bağlı mənafenin qorunmasının reallaşdırılmasına da təkan verəcək. Eyni zamanda, xaricdə, azərbaycanlıların daha çox məskunlaşdığı yerlərdə Azərbaycan məktəblərinin açılması da tədbirlər planına salınıb. İşçi qrupu dövlət proqramına, həmçinin Azərbaycandan ölkə xaricinə yayımlanan verilişlərin məzmunu və istiqamətinin dəyişdirilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması, televiziya ilə yayımlanan dərslərin təşkil olunmasını təklif edib.

SEYMUR




11/08/12    Çap et