Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın milli parklarına onlayn bilet satışı xidməti avtomatlaşdırılıb



Milli parklara onlayn bilet satışı xidməti tam avtomatlaşdırılıb və "Elektron hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiya edilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət yerli və xarici vətəndaşların ölkənin milli parklarına (Şahdağ, Şirvan, Hirkan, Göygöl, Abşeron Ağgöl, Altıağac) daxil olması üçün onlayn bilet satışından ibarətdir.

İnteraktiv növlü elektron xidmət ödənişlidir. İstifadəçi sözügedən xidmətlə bağlı internet vasitəsilə sənədləri göndərmək üçün "http://www.eco.gov.az" internet saytının "Elektron xidmətlər" bölməsinə və yaxud "www.ehdis.az" e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır. Bundan sonra müvafiq fəaliyyət növü seçilir və həmin fəaliyyət növünə uyğun açılan müraciətə tələb olunan sənədlər əlavə edilərək göndərilir.

Sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir iş günündən gec olmayaraq milli parklara onlayn bilet satışı üzrə qərar qəbul edilir (sənədlərə ekspert rəyi alınması müddəti daxil deyildir).

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə bir iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra təqdim olunan sənədlərin qəbulu barədə ərizəçiyə bildiriş göndərilir, bütün sənədlərə bir iş günü müddətində baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

Xidmətin yerinə yetirilməsinə nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin müvafiq milli parkları tərəfindən elektron kargüzarlıq vasitəsilə həyata keçirilir.

CAHANGİR




13/08/12    Çap et