Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən məşhur sosial şəbəkəsi böyük ittihamla üz-üzə
Bu günlərdə dünyada ən çox istifadə olunan sosial şəbəkələrdən birinin - “Facebook”un şirkətləri necə aldatdığı məlum olub. Hər kəsə bəllidir ki, şirkətlər “Facebook” səhifələrindən ən çox üzvü olan səhifələrə reklam verirlər. Lakin demə, cəmi 10 dollara feys-səhifələrin üzvlərini qat-qat artırmaq mümkündür.
Bunu da müxtəlif proqramlarla nəinki “Facebook” şirkətinin nümayəndələri, hətta adi insanlar da edə bilər.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu yaxınlarda Nyu-Yorkdakı “Limited Run” şirkəti tədqiqat aparıb və məlum olub ki, “Facebook”dakı reklam elanları 80% saxta hesablarla həyata keçirilir. “Bütün bunlar doğrudur. Botlar bizim səhifəni yükləyib və saytda reklamın qiymətini qaldırıblar. Biz “Facebook” administrasiyası ilə əlaqə saxlamağa çalışdıq.
Təəssüf ki, onlar cavab vermir. Bilmirik ki, bu botlar kimə məxsusdur. “Facebook”u botlardan istifadə etməklə, onlayn-reklam gəlirini artırmaqda günahlandırmırıq. Amma bunu qəribə hesab edirik» - “Limited Run” şirkətinin nümayəndələri belə deyir. Nümayəndələr əlavə narahatlıq da keçirirlər.
Belə ki, “Facebook”- şirkətə öz səhifəsinin adını ancaq o halda dəyişmək ixtiyarı verir ki, “Limited Run” sosial şəbəkənin reklam büdcəsinə minimum 2000 dollar əlavə etsin. Bu arada “Facebook” rəsmi olaraq bu şikayətə cavab verib: “Sosial şəbəkə botlarla bağlı məsələnin tədqiqatına başlayıb, sosial şəbəkədə səhifə adı dəyişmək pulsuzdur və “Facebook” heç zaman “Limited Run” şirkətinə pulla dəyişiklik təklifi etməyib”. Bəlkə də bu kiçik şirkətin elanına heç kim fikir verməzdi.
Amma hadisəyə bir neçə gün qalmış BBC də oxşar bot-aktivliyi tədqiqatı aparıb. Belə ki, jurnalistlər realda mövcud olmayan ”Virtual Bagel” – (Virtual bublik) şirkətinin səhifəsini yaradır və sosial şəbəkəyə, onu inkişaf etdirməsini sifariş verirlər. Cəmi 10 dollar ödəməklə, “şirkət” bir həftəyə 3000 “like” yığır. Tədqiqatçıların təəccübünə səbəb olan məqam ondan ibarətdir ki, “like”ların çoxu Malayziyadan, Misirdən və Filippindən gəlib. Reklamın hədəfini genişləndirib, ABŞ, Böyük Britaniya, Malayziya, Misir, Filippin, Rusiya, Hindistan İndoneziya və s. yönləndirdikdə “like”lar 0.55% təşkil edib. Auditoriyanı Böyük Britaniyaya saldıqda isə gözlənilməz rəqəm alınıb: Cəmi 0.059 faiz (yəni on dollara 17 like).
Bu iki əndrəbadi hadisə çox səs-küy doğurmazdı, əgər “Facebook” vaxtında normal açıqlama versəydi… “Limited Run” şirkətinin göstərdiyi rəqəmlər heyrətləndiricidir, amma həm də şübhəlidir. “Limited Run” hansı analitik alətdən istifadə etdiyini açıqlamır (yəqin ki, onlar “Facebook” botlarını izləmək üçün xüsusi FB app hazırlayıblar). Onlara inanmaq da olar, inanmamaq da.
“Forbes” öz bloqunda daha bir “Facebook” ifşaçısını yerləşdirib. O iddia edir ki, botlar, reklam alınandan sonra səhifədə 90% tıklamanı təmin ediblər. “Forbes”in həmin səhifəsində “Facebook” nümayəndələri ilə bloggerlər arasında yazışma gedir. Sosial şəbəkə rəsmi cavab verir. Və aydın olur ki, göstərilən şübhəli məsələləri inkar etmək üçün əllərində tutarlı faktlar və rəqəmlər yoxdur. “Forbes”çilər haqlıdırlar.
“Facebook” artıq cəmiyyətə hesabatlarla, sübutlarla, rəqəmlərlə üz tutmalıdır. Sadəcə, konkret sahədə deyil, ümumiyyətlə, sosial şəbəkədə reklam mexanizminin necə işlədiyini göstərməlidir. “Facebook”un bu sahədə açıqlığı həm də internet bazar üçün çox önəmlidir. Bir neçə il əvvəl, reklamçıların şüurunda çevriliş baş verir: məlum olur ki, internet, xüsusilə də sosial şəbəkələr ilk dəfə reklam şirkətləri üzərində görünən nəzarəti təmin ediblər. Hesablayıcı maşınları, tıklamaları, “like”ları ilə internet auditoriyaya nəinki yeni formalı biznes təqdim etdi, həm də marketinqin yeni idarə keyfiyyətlərini üzə çıxardı.
Bütün tədqiqatlar, sosial sorğular göstərir ki, kiçik və orta biznes, internetin auditoriya potensialına şübhə ilə yanaşır, amma şəbəkələrdə marketinq şirkətlərinə nəzarət mexanizmlərindən əmindir. Məsələn, keçən il marketinq şirkəti “TBG” öz hesabatını çap etdirib. Hesabatda deyilir ki, “Facebook”un reklam konversiyası düzgün hədəflər olanda bir kvartalda 435% artım göstərir.
Bu, yüksək sürətlə qalxan bazarın, o cümlədən yeni sosial-reklam alətlərinə inamın artmasının göstəricisidir. İndi, bu inam böhran yaşayır… “Facebook” əmin etmək istəyir ki, 900 milyon sosial şəbəkə istifadəçilərinin təxminən 5-6%-i bot ola bilər (təxminən 50-60 milyon). Bununla yanaşı, şirkət səhifələrdəki “like”larla saxta hesablar arasında əlaqə görmür. Maliyyə direktoru Devid Ebersman söz verib ki, şirkət sosial şəbəkədəki botların sayını azaldacaq.
Digər tərəfdən, biz “Facebook” müştərilərinin inamlı tədqiqatlarını və açıq-aşkar botlarla işləyən biznes layihələrini də görürük (66.99 dollara 7500 “like” almaq kimi). İndi susmaq zamanı deyil. İPO-dan sonra investorların inam məsələsi onsuz da sual altındadır.
Yeri gəlmişkən qeyd edək ki, “AP-CNBC”-nin səs-küy döğuran sorğusuna görə, amerikalıların 83 %-i demək olar ki, reklamı tıklamır. Buradakı ağır vəziyyəti yalnız sabit müsbət reklam sifarişlərinin dinamikası düzəldə bilər, amma ifşalar zamanı “ən yaxşı reklam aləti” statusunu saxlamaq heç də asan deyil.
SEYMUR
13/08/12 Çap et